!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün Mustafa Kamal Atatürkün anım günüdür

!Reklam – Yazi

Bu gün müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür. 

Yenicag.az xəbər verir ki, noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dünyasını dəyişməsindən 85 il ötür.

Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Anası Zübeydə xanım, atası Əli Rza əfəndidir.

Orta təhsilini məhəllə məktəbində alan Mustafa 1893-cü ildə Selanik hərbi məktəbinə daxil olub. Burada təhsil alarkən məktəbin riyaziyyat müəllimi Mustafa Səbri bəy ona mükəmməl mənasına gələn “Kamal” adını verir. Fransız dili müəllimi Yüzbaşı Nakiyüddin bəyin fikirlərinin təsirində qalan Mustafa Kamalda müstəqillik düşüncəsi o vaxtlar formalaşır.

1896-cı ildə Monastr Hərbi məktəbinə daxil olaraq 1899-cu ildə buradan məzun olur. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsində iştirak etmək istəsə də, həm yaşının azlığı, həm də tələbə olması səbəbilə buna izn verilmir.

1899-cu ildə İstanbul “Mekteb-i Harbiye-i Şahane”yə (Hərbi Akademiya) daxil olaraq leytenant rütbəsilə başa vurur. 1905-ci ildə isə həmin akademiyadan Qərargah kapitanı rütbəsi ilə məzun olub.

Mustafa Kamal ozamankı Osmanlı ordusunun tərkibində ölkənin müxtəlif yerlərində vəzifələrdə olub, getdiyi yerlərdə isə hərbi vəzifəsi ilə yanaşı, cümhuriyyət fikirlərini də təbliğ edib.

1910-cu ildə Fransada keçirilən hərbi təlimlərdə iştirak edən Mustafa Kamal komandirinin xəbərdarlığı ilə təlim təyyarəsinə minmir. Məlumata görə, həmin təyyarə qəzaya uğrayıb və pilotlar hamısı həlak olub. Bəzi yazıçılar ömrü boyu təyyarəyə minməyən Mustafa Kamalın bu hərəkətini təlimdə baş vermiş qəza ilə izah edirlər.

Daha sonra müxtəlif vəzifələrdə olan və bir çox müharibədə iştirak edən Mustafa Kamalı Osmanlı padşahı IV Vahiduddin Anadoluya göndərir. 1919-cu il mayın 19-da Samsun şəhərinə çatan Mustafa Kamal iyunun 22-də hazırladığı bəyanatla millətin gələcəyinin yenə də millətin əzmkarlığı və qərarlılığı ilə ilə xilas ola biləcəyini elan edir.

1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasını təmin edərək özü də Ərzurumdan millət vəkili olur. Məclisin spikeri və hökumətin başçısı kimi Anadoluda Milli İstiqlal mübarizəsini başladacaq hökumətin bazasını yaradır.

Atatürkün qəbri güman edildiyi kimi, mavzoleydə yox, onun alt hissəsində yerləşən otaqdadır.

1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuriyyətini elan edən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbuldakı Dolmabağça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.

Atatürkün nəşi “Anıtqəbir”ə ölümündən 15 il sonra gətirilib. Bura Türkiyənin bir çox regionlarından, o cümlədən Atatürkün doğulduğu Selanikdən torpaqlar gətirilərək tökülüb. Onun qəbri üçün Kipr, Koreyadakı türk şəhidliyi və Suriyadakı Süleyman Şah Türbəsi, Azərbaycan da daxil olmaqla, 105 nöqtədən torpaq gətirilib. Bu torpaqlar məzarın kənarındakı mis qablarda yerləşdirilib. İstanbul və Çanaqqala boğazlarından gətirilən sudan istifadə edilib.

www.yenicag.az

1041
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv