“Bu hakimiyyət üçün öldürücü zərbə olardı”
ADP sədrinin müavini Taliyət Əliyev açıqlamasında Qərbin Azərbaycanı Avropa Oyunlarına ev sahibliyi etmək statusundan məhrum edə biləcəyi ilə bağlı ehtimalları dəyərləndirib:
“Azərbaycan Avropa Birliyinin üzvü deyil. Amma bir çox proqramlarda bu qurumla yaxından əməkdaşlıq edir. Bu baxımdan Avropa parlamenti tərəfindən çıxarılan qətnamənin Azərbaycan hakimiyyətinə necə təsir göstərəcəyini birmənalı dəyərləndirmək çətindir. Lakin bu qətnamənin Azərbaycan hakimiyyətinə təsirsiz ötüşəcəyini də demək olmaz. Konkret olaraq gələn ilin Birinci Avropa Yay Oyunlarına Azərbaycanın ev sahibliyindən məhrum edilməsi məsələsinə gəldikdə isə, bunu istisna edirəm. Çünki hakimiyyət özünü nə qədər ərköyün uşaq kimi aparsa da, münasibətlərin bu səviyyəyə qədər pisləşməsinə getməz. Çünki bu hakimiyyət üçün öldürücü zərbə olardı. Amma AB-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə göstərilən məsələlər istiqamətində pozitiv addımlar atılmasa Birinci Avropa Yay Oyunları bir çox Avropa dövlətləri tərəfindən boykot oluna bilər. Yəni Azərbaycanın həmin tədbirə ev sahibliyindən məhrum edilməsindən daha çox, onun boykot olunması daha realdır. Hesab edirəm ki, hakimiyyət də bunun fərqindədir və ən azı öz maraqları baxımından mövcud problemlərin həlli istiqamətində addımlar atmağa məhkumdur və biz bunun şahidi olacağıq”.