Milli Məclisin bugünkü iclasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edib.
Yenicag.az xəbər verir ki, sədr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyətinə dair hesabatı qənaətbəxş hesab edib. Onun sözlərinə görə, sənəddə bütün sahələr üzrə görülən işlərə yetərincə nəzər salınıb, qarşıya qoyulan vəzifələr müəyyənləşdirilib:
“Sənəddə xüsusən də qeyri-neft sektorunun inkişafı ilə əlaqədar tədbirlərə yer ayrılmasını, konkret məqamların açıqlanmasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, biz hesabatla tanış olduqda və müqayisələr apardıqda bu qənaətə gələ bilərik ki, ölkəmiz iki devalvasiyanın gətirdiyi sıxıntıları aradan qaldırmaq üzrədir. Əlbəttə, bu, sevindiricidir.
2016-cı ilin hesabatı müzakirə edilərkən də bu məsələyə diqqət yetirmişdim. Bu, maliyyə baxımından çox cüzi rəqəmdir, amma mənəvi, siyasi, ölkəmizin dünyadakı imicinin müsbət formalaşması baxımından olduqca önəmlidir. Söhbət ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızına əlavə dəyər vergisinin tətbiqinə başlanılmasından gedir.
Məlum olduğu kimi, bu vergi əvvəllər tətbiq edilmirdi. Buna son illər başlanılıb. Əslində bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir: məbləğ təxminən yarım milyon manatdır.
Ancaq əlavə dəyər vergisinin tətbiqi medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir. Düşünürəm ki, hazırkı vəziyyətdə medianın istisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır.
Həm də bu missiya yalnız ictimai deyil, eyni zamanda strateji əhəmiyyət daşıyır. Bu gün qeyd etdiyim məsələ üzündən hər hansı qəzet nəşrini dayandırırsa, yaxud onun nəşrində durğunluq yaranırsa, demək ki, ölkəmizin informasiya müharibəsindəki mövqeyi zəifləyir.
Mən hüquqşünas deyiləm, amma məsələyə hüquqi nöqteyi-nəzərdən də diqqət yetirmək istərdim. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir ki, kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr əlavə dəyər vergisindən azaddır. Yəni sözüm ondadır ki, qeyd etdiyim məsələnin reallaşması üçün hazır hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır.
Bir daha təklif edirəm ki, ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılmalıdır. Və bir daha hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram.
İkinci bir məsələ də var ki, ona da bir daha diqqət yetirməyi zəruri sayıram. Deputatı olduğum Saatlı rayonunda suvarma, kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyası və digər obyektlər istifadəyə verilib.
Həqiqətən də həyata keçirilən tədbirlər nikbinlik üçün əsas verir. Ancaq qeyd etməliyəm ki, suvarma işlərini daha da gücləndirməyə ehtiyac var. Bunun üçün hazırkı imkanlar zəifdir. Bu məqsədlə Kür çayından yeni su kanalı çəkilməlidir. Bir dəfə də bildirmişəm ki, söhbət cəmi 17-18 kilometr uzunluqda olan kanalın çəkilişindən gedir.
Düşünmürəm ki, bu iş ciddi vəsait aparacaq. Ancaq su olmadığına görə kəndlilər gəlirlərindən məhrum olurlar. Buna görə də istərdim ki, Azərbaycan hökuməti 2018-ci ildə bu məsələyə də xüsusi həssaslıqla yanaşsın”.