“Bu proses müvafiq qaydada institutlaşır” – Professordan iqtisadi rayonların yaradılmasına MÜNASİBƏT 

“Bu fərman iş yerləri və məşğulluqla bağlı müsbət tendensiyalara, yüksək rəqabət mühitinin formalaşmasına şərait yarada bilər”. 

Bu sözləri Azərbaycanda iqtisadi rayonların yeni bölgüsünün sosial-iqtisadi sahəyə təsirlərini dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Professor vurğulayıb ki, ölkədə iqtisadi rayonların yeni bölgüsünün formalaşmasına ehtiyac yaranmışdı. Bu, 44 günlük Müharibədən öncə də məlum idi. Çünki iqtisadi çağırışlar zamanla dəyişilir və ölkə iqtisadiyyatının daha çox regional inkişafına söykənən şaxələndirilmiş formanın tətbiqi zəruri idi:

“Uzun illərdir ki, neft strategiyasına əsaslanan iqtisadi sistemimiz var idi. Bu gün neftin enerji daşıyıcısı kimi rolunun azaldılması və yeni texnoloji quruluşla bağlı reallıqlarla üz-üzəyik. Bu halda iqtisadiyyatın strukturunda dəyişikliklərin edilməsi vacibdir. İkinci Qarabağ Savaşından sonra bölgədə yeni geosiyasi və iqtisadi reallıqlar formalaşmağa başlayıb. İşğaldan azad olunan ərazilərin ölkə iqtisadiyyatına təkrar inteqrasiyası və məlum ərazilər üzrə məhsuldar qüvvələrin yerləşdirilməsi iqtisadi rayonlarda yeni təsnifata gedilməsinə ehtiyac yaratmışdı. Bu proses artıq ölkə başçısı tərəfindən müvafiq qaydada institutlaşır. Nəticədə iqtisadi inkişaf daha tarazlı şəkildə təkmilləşəcək, bununla da bütövlükdə Azərbaycanda daha çox əlavə dəyər tutumlu və yüksək texnoloji məhsulların istehsalı reallaşa bilər. Daha sonra həmin məhsulların ixrac bazarlarında rəqabət qabiliyyətli olması ilə yanaşı, ölkədə idxalın əvəz olunması siyasətinə də müsbət təsiri gözləniləndir”.

Qeyd edək ki, bu gün prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Fərmanın tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

Gülşən Şərif