!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu tədbirə 4 milyard dollar lazımdır" - Artan neftin qiymətidir, yoxsa yarışların sayı?

!Reklam – Yazi

Son günlər neft qiymətlərində artım müşahidə edilir. Qiymətlər 3,5 illik maksimal səviyəyə yüksələrək 80 dollar həddini ötüb. Belə olan halda neftdən gələn gəlirlərin necə və hansı istiqamətdə xərclənəcəyi müzakirə mövzusuna çevrilir.

Bəzi mütəxəssislər neftdən gələn gəlirlərin fonunda ölkədə qeyri-neft sektorunun inkişafının ləngiyəcəyini, postneft dövrünə keçiddən yenidən neft erasına keçəcəyimizi bildirirlər.

Azərbaycanda dövlət büdcəsinin formalaşdırılması zamanı neft qiymətinin 45 dollar səviyyəsində götürülməsini də nəzərə alaraq, əlavə gəlirin hansı sahələrə yönəldiləcəyi sual doğurur.

Yenicag.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli neftin qiymətinin artması fonunda Azərbaycanda son illər müəyyən islahatlarla bağlı başlanmış söhbətlərə son qoyulacağından narahat olduğunu bildirib:

“Son makroiqtisadi göstəricilərə də baxanda görürük ki, Azərbaycan iqtisadiyyatında neft amili o qədər hegemon rol oynayır ki, digər sahələri kölgədə qoyur. Azərbaycan hökumətinin bu il üçün  neftin qiyməti ilə bağlı planlaşdırdığı hədd 45 dollar idi. Artıq neftin qiyməti 80 dolları ötdü. Deməli, az qala 2 qat artım müşahidə olunur. Bu da Azərbaycanda 2-3 il bundan öncə islahatla bağlı başlanmış bəzi addımların sona çatmasına səbəb ola bilər. Yenidən dövlət iqtisdadiyyatı modelinə keçid baş verə bilər. Bu isə çox çətin və təhlükəli haldır. Azərbaycan bir dəfə bu yolu getdi və 2015-2016-cı illərdə neftin qiymətinin enməsilə əlaqədar ciddi böhranlı vəziyyətə düşdü. Bu böhrandan çıxış üçün müəyyən qərarlar verildi. Doğrudur, onun yerinə yetirilməsində müəyyən problemlər var. Neft sektoru hələ də  Azərbaycan iqtisadiyyatında çox hegemon rol oynayır. İqtisadiyyatın 90 faizi birbaşa neft amillərindən, enerji daşıyıcılarından asılıdır. Büdcənin formalaşması üçün vəsaitin 50%-dən yuxarısı birbaşa Neft Fondundan transfer edilir. Neft şirkətlərindən birbaşa və dolayı yolla gələn vergiləri də hesablasaq, təqribən büdcənin 70-75%-i neft amilindən asılıdır.

Belə bir ciddi asılılığın olduğu vəziyyətdə təbii ki, qeyri-neft sektorunun inkişafı, postneft dövrünə keçid çox önəmlidir. Çünki bu, bizi gələcəkdə baş verən qiymət dalğalanmalarından sığortalaya bilər. Məsələ ondan ibarətdir ki, gəlirlərin artması bir arxayınlıq hissi yaradır. Çünki ticarət balansında müsbət saldo yaranıb, Azərbaycanın gəlirləri artıb.  Elə birinci rübdə gözləntilərdən əlavə neftdən təqribən 2 milyard dollara yaxın gəlir əldə olunub. Və bu Azərbaycanın yenidən neft dövrünə qayıtması deməkdir. Ona görə də, Azərbaycan hökumətinin hazırda atacağı addım neft-qaz amilini tamamilə ikinci plana atıb, nəzərtə tutulmuş və ya elan olunmuş, hələ həyata keçirilməsində problemlərin müşahidə olunduğu islahatları sürətlə həyata keçirmək olmalıdır. Gərək neft amilindən maksimal dərəcədə asılılığımız azalsın. Çünki neft qiymətlərinin kəfkir effekti var. Neft qiymətləri kəfkir effektilə maksimal sağa və maksimal sola hərəkət edir. Yaxın aylarla və ya illərdə yenidən neft qiymətlərində enişlərin müşahidə olunmayacağına dair heç kimdə zəmanət yoxdur. Buna görə də, əgər biz yenidən neft amilini önə çıxarıb  elan olunan islahatları ikinci, üçüncü plana atsaq, bir müddət sonra qiymətin yenidən ucuzlaşması müşahidə olunanda Azərbaycan iqtisdadiyyatı daha böyük problemlərlə, çətinliklərlə qarşılaşa bilər.

Neftin qiymətinin artması təbii ki, Azərbaycan üçün müsbət haldır, gəlirlərimiz artır. Ancaq bu hökuməti arxayınlaşdırıb nəzərdə tutduğumuz addımlardan çəkinməyə sövq etməməlidir. Azərbaycan qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımları inkişaf etdirməlidir ki, gələcəkdə neftin qiymətindən asılılığı minimuma endirsin. Hələlik asılılıq kifayət qədər yüksək səviyyədədir. Bu gün artan qiymətlər yenidən düşməyə başlasa, Azərbaycan iqtisadiyyatı növbəti problemlərlə üzbəüz qalacaq”.

Natiq Cəfərli artan gəlirlərin dövləti daha çox xərcləmələrə getməyə sövq edə biləcəyini qeyd edib:

“Bakı “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün müraciət edib və ilk üçlükdədir. Ola bilər ki, Bakı qalib olsun. İlkin hesablamalara görə, bu tədbiri keçirmək üçün təqribən 3-4 milyard dollar vəsait lazım olacaq. Çünki çox böyük bir tədbirdir. Bundan başqa gələn il UEFA Avropa Liqasının finalı və Avropa Gənclər Olimpiya Festivalı Azərbaycanda keçiriləcək. Həmçinin Avropa və Dünya Çempionatlarını keçirmək üçün də çoxlu müraciətlər edilib. Bu elə belə də davam edəcək. Hələ “Formula 1″ də bundan sonra ən azı 2 mövsüm Azərbaycanda keçiriləcək. Növbəti 5 il də Azərbaycanda keçirilməsilə bağlı müqavilədə şərtlər var. Ola bilsin ki, neft qiymətləri baha olsa, bu şərtlər yerinə yetirilsin və növbəti 5 ilə də uzadılsın. 2020-ci ildə ilk müqavilə bitir. 2025-ci ilə qədər bu müqavilənin uzadılması ilə bağlı bu il qərar veriləcək. Təbii ki, neft qiymətlərinin artması hökuməti daha da arxayınlaşdırır, daha çox xərcləmələrə getməyə sövq edir. Azərbaycanda dövlət iqtisadi modeli həmişə çox böyük problemlərlə qarşılaşıb. İndi də növbəti dəfə iqtisadiyyatın artımının sırf dövlət investisiyaları və dövlət xərcləmələri hesabına başa gəlməsi yolu tutulub. Çox təəssüf ki, son dövrlərdə bu yol aydın görünür. Dövlətin ayırdığı vəsaitlər, xərcləmələr artır. Yenidən istər kənd təsərrüfatı, istərsə də turizm və ya reklam sahəsi olsun , dövlət orada da əsas oyunçu olmağa çalışır, hər sahədə dövlət agentliyi yaradır. Əslində, bu doğru yol deyil, rəqabətli bir mühitə ziyan vura biləcək ən böyük amillərdən biridir”.

Keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli isə qeyd edib ki, Azərbaycan iqtisadiyyatının neftdən asılı olmaması üçün hələ çox işlər görülməlidir. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün ilk növbədə inhisarçılıq ləğv edilməlidir:

“İstənilən neft hasil edən ölkəyə, əsas xam malı karbohidrogen ehtiyatları olan ölkələrə xas  xüsusiyyət hökumətin tənbəlləşməsi və iqtisadiyyatda struktiv islahatların ləngiməsidir. Yəni bu təkcə Azərbaycanla bağlı deyil, ümumiyylə daha çox neft satan ölkələrdə qeyri-neft sektoru az inkişaf edir. Bu da tənbəllikdən yaranır. Çünki nefti çıxarıb satmaq asandır, onu dərin emal etmək lazım deyil, rahat başa gəlir.

İslahatların strukturu və sürəti məni qane etmir. Nəzərə almaq lazımdır ki, neftin qiymətindəki artım gəlirlərin çoxalması baxımından bu gün faydalı görünə bilər. Neftin hasil olunması üçün mexanizmlər, texnologiya və avadanlıqlar Qərb ölkələrinin  məhsuludur. Neftin qiyməti bahalaşdıqca, həmin texnologiyaların da qiyməti bahalaşır. Nəticə etibarilə daha çox gəlir  əldə etmiş kimi görünsək də, bunun bizə faydası az olur. Bu baxımdan bütün neft hasil edən ölkələr üçün əhəmiyyətli olan odur ki, neftin maya dəyəri ucuz olsun.  Ona görə də, mən qiymətlərin artmasına sevinməyin tərəfdarı deyiləm, hökuməti də sevinməyə çağırmıram. Fikrimcə, neftin qiymətinin stabil olması daha məqsədəuyğundur.

Ölkənin gəliri o zaman çox olur ki, onun vətəndaşları daha çox pul qazanır və daha çox vergi ödəyirlər. Bu sınanmış metoddur. Neftin qiymətinin baha olması əslində neft hasil edən ölkələrin özlərinə ziyandır. Təsəvvür edin ki, nefti hasil etmək, daşımaq, emal etmək üçün maşın və mexanizmlər lazımdı. Bunların əksəriyyəti inkişaf etmiş sənaye ölkələrinin məhsuludur. Ölkəmizdə Yaponiya, ABŞ kimi ölkələrə məxsus avadanlıqlar işlənir. Neftin Xəzərin daha dərin qatından çıxarılması üçün lazım olan avadanlıqlar da BP, Total , ExxonMobil kimi şirkətlərə aiddir.”

İqtisadçının sözlərinə görə, neftin qiymətinin artmasına görə ola bilər ki, bəzi qurumlar beynəlxalq tədbirlər keçirməyə həvəsli olsunlar. Lakin təcrübə onu göstərir ki, indiki durumda bu beynəlxalq tədbirlər əslində  Azərbaycanın vəsaitinin bu və ya digər formada layihələr vasitəsilə mənimsənilməsinə gətirib çıxarır:

“Mən belə tədbirlərin keçirilməsi zamanı ölkənin qazanmasının tərəfdarıyam, nəinki xərcləməsinin. Çünki jurnalist araşdırmaları da onu sübut edir ki, həmin tədbirləri keçirən nazirliklər və ya qurumların rəhbərliklərinə yaxın podratçı şirkətlər olur. Oradan daha çox mənimsənilmələr baş verir. İstər “Formula 1″ , istərsə də digər yarışlar olsun. Hesab edirəm ki, belə tədbirləri keçirmək lazımdır. Amma o halda ki, bu ölkəyə gəlir versin. Ölkənin tanıdılmasıyla bağlı problem yoxdur. Tədbiri keçirənlər qazanc məqsədi güdürlər. Azərbaycan iqtisadiyyatında əgər inhisarçılıq, məmur sahibkarlığı, biznes dözümsüzlüyü varsa, bir şirkət başqa bir şirkətin istehsalını bağlayırsa, o halda belə tədbirlər keçirməklə ölkəyə investisiya cəlb etmək qeyri-mümkündür. Ona görə də hökumət görülən tədbirlərin effektivliyini artırmağa, gəlirin daha çox olmasına çalışmalıdır. Dövlət büdcəsinin hesabına müxtəlif layihələr keçirilir. MİDA-nın keçirdiyi həmin sosial mənzillər adı altında satış ləğv olunub. Səhvin, ziyanın yarısından dönmək də gəlirdir”.

COP29

www.yenicag.az

3937
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv