“Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin sınağından çıxmış qardaşlığımız son günlər baş verən təxribat səbəbindən daha bir imtahandan keçir. Bu, bir mənalı şəkildə təxribatdır və bu hadisələrdə maraqlı dairələrin əli var”.
Yenicag.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Gürcüstandakı səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyevin Keşikçi-Dağı Məbəd-Kompleksində baş verən isnidentlə bağlı yaydığı bəyanatda bildirilib.
“Gürcü və Azərbaycan xalqları, dindarları arasında heç bir nifaq, milli və ya dini qarşıdurma halı yoxdur, ola da bilməz. Bunun üçün əsas yoxdur və xalqlarımız, dövlət, hökümət rəsmilərimiz arasında olan strateji münasibətlər, dini liderlərimizin müdrikliyi, onların dünyaya örnək qardaşlıq əlaqələri buna imkan vermir”.
Sənəddə qeyd olunub ki, Azərbaycan və Gürcüstanın dövlət və xalqları arasında qarşılıqlı ehtiram və etimad mühiti görünür bədxahlarımızın işinə yaramır: “Təxribatlara əl atmaqla iki xalqın arasına nifaq toxumu səpmək, qarşıdurma yaratmaq ümidindədirlər. Xəyanətkarlığın arxasında duran qüvvələrin ən böyük məqsədi bu qarşıdurmanı təkcə milli deyil, dini müstəviyə daşımaqdır. Bu mənfur, bədxah niyyəti Qafqazda gerçəkləşdirmək cəhdləri məlum qüvvələrin zəhərli təfəkküründə hər zaman mövcud olub”.
QMİ-nin Gürcüstan nümayəndəliyi ümid edir ki, Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaradılmış süni problem aidiyyatı qurumlar tərəfindən tezliklə həllini tapacaq: “Bu istiqamətdə işlər gedir və davam etdirlərək öz hüquqi həllini tapacaqdır. Biz xalqlarımız və dövlətlərimizin dostluq və qardaşlıq münasibətlərinin bu imtahandan da üzüağ çıxaraq daha da dərinləşməsini diləyirik”.
Bəyanatda vurğulanıb ki, dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir və dini qarşıdurma yaratmaq cəhdi ikrahdoğrucu haldır: “Biz Gürcüstan və Azərbaycan dindarları dövlətlərimizin, dini liderlərimizin mövqeyindən çıxış edərək, bu yolda öz səylərimizi əsirgəməyəcək, xalqlarımızı qarşı-qarşıya qoymağa çalışan qüvvələrin təxribatlarına uymayacağıq. Bədxahlarmızın, marağı olan qüvvələrin məkirli niyyətləri tarixi qardaşlıq və ənənəvi Qafqaz müdrikliyi qarşısında puç olacaq”./Report/
www.yenicag.az