Budapeşt görüşünə hazırlıq: Masada Donbas vilayəti - ŞƏRH
“ABŞ Rusiya Ukrayna müharibəsinin davam etməsində maraqlıdır”.
Bu fikri Rusiya Ukrayna müharibəsinin dayandırılması ehtimalı, Ukraynadan tələb edilənlər və gözləntiləri Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
O bildirib ki, Ukrayna Rusiyanın Donetsklə bağlı tələbini yerinə yetirməyəcək:
“Ukrayna ictimaiyyəti bu qədər ölüm-itimə baxmayaraq Donbas vilayətinin tam şəkildə Rusiyaya verilməsini istəmirlər. Bu Putin tərəfindən edilmiş təklifdir. Vaşinqtonda Zelenski ilə Tramp razılığa gəlmədi. Donetsk vilayəti böyükdür. Orada liman şəhərləri var. Strateji əhəmiyyəti var. Ukraynanı dənizdən ayırmaq niyyətləri var. Ukrayna xalqı da bununla razı olmayacaq. Bundan əlavə Ukrayna konstitusiyasında da torpağın başqa bir ölkəyə verilməsi yoxdur”.
Hərbi ekspert bildirib ki, Budapeştdəki görüşdə nəticənin əldə olunması gözlənilmir:
“Putinin təyyarəsini Qara dənizdən Türkiyənin F-16-ları müşayiət edəcək. Trampla Putin arasında razılaşmanın baş tutması Zelenskisiz, Ukraynasız olmayacaq. Avropa ölkələri də Macarıstana təzyiq edir ki, Putini həbs etsinlər. Macarıstan isə bildirdi ki, suveren dövlətdir və o addımı atmayacaq.
Bu görüşlə hansısa sülh razılaşmasının olması gözlənilmir. Hesab edirəm ki, Rusiya Ukrayna müharibəsi davam edəcək. ABŞ də Rusiya Ukrayna müharibəsinin davam etməsində maraqlıdır. Çünki ABŞ-nin əsas məqsədi Avropanı çökürtməkdir. Fikrimcə bu da baş tutmayacaq”.
Səxavət Məmməd