Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Bu barədə Yenicag.az-a DİM-dən bildirilib.
İmtahan 33 şəhər və rayonda təşkil olunub. İmtahanda 53102 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4043 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 653 imtahan rəhbəri, 5 021 nəzarətçi, 704 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 236 bina nümayəndəsi ayrılıb.
Bu gün işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzi ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2№-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə imtahan keçirib.
İmtahanda ümumilikdə 63 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməyi unutmasınlar.
Martın 11-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının “Xidmətlər” bölməsində > “E-xidmətlər” > “DİM-in nəşrlərinin elektron versiyalarının satışı” > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
www.yenicag.az