“Bütün Avropa nasist bayraqları altında Rusiyaya qarşı müharibə aparır” – Sergey Lavrov
“Bu gün, demək olar ki, bütün Avropa, nasist bayraqları və silahları altında Ukrayna prezidenti Volodimir Zelenskinin anti-Rusiya rejimini dəstəkləyərək, Rusiyaya qarşı müharibə aparır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov XİN-nin binasındakı xatirə lövhələrinin qarşısında keçirilən çiçəkqoyma mərasimi zamanı səsləndirib:
“Təkcə Böyük Vətən müharibəsi və İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini yaşatmaq deyil, həm də həmin dövrün diplomatik təcrübə və dərslərini xatırlamaq çox vacibdir. Bu dərslər əvəzolunmazdır, xüsusilə də indiki şəraitdə, çünki, demək olar ki, bütün Avropa yenidən silah və nasist bayraqları altında bizə qarşı müharibə aparır”, – deyə o bildirib.
Lavrov, Avropa İttifaqını nasizmin ideologiyasını diriltməyə çalışmaqda günahlandırıb. Nazir əlavə edib ki, bu gün Avropa açıq şəkildə anti-Rusiya mövqeyi ilə seçilən Zelenskinin rejimini dəstəkləyir. Onun sözlərinə görə, Ukrayna rəhbərliyi “İnanılmaz əməliyyat” (bu, 1945-ci il mayın 22-də Britaniya və ABŞ tərəfindən SSRİ-yə qarşı hazırlanmış hərbi planların şifrəli adıdır – red.) çərçivəsində Rusiyaya döyüş meydanında “strateji məğlubiyyət” yaşatmaqla hədələyir.
Rafi Müslümov