Canlı efirdə aparıcını hədələyən Baloğlan Əşrəfov: “Əcəb eləmişəm” – QALMAQAL

Space TV-də canlı yayımlanan “Onda başladıq” verilişində qonaq olan müğənni Baloğlan Əşrəfov sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylini başını kəsməklə hədələyib.

Bu barədə Yenicag.az-a açıqlama verən B.Əşrəfov bu sözlərə görə peşman olmadığını deyib:

“Elçinlə 10 il əvvəl qalmaqalımız olub. Artıq yaddan çıxan o söhbəti Elçin yenidən gündəmə gətirərək  dedi ki, o vaxt sizinlə aramızda problem olanda Rusiyadan bir nəfər zəng edib, məni hədələdi. Dedi ki, sənin başını kəsərəm. Mən də ona qayıtdım ki, köhnə palan içi tökməyin, heç kimi öyrətməmişdim ki, belə söz desin. O, daha da qızışdı, mən əsəbiləşdim. Dedim, “elə buna görə də sənin başını kəsmək lazımdır”. Sözün düzü, onun atmacasından boğaza yığılmışdım. Verilişdən sonra mənə yaxınlaşdı, münasibətlərimizə aydınlıq gətirdi. Hər halda köhnə söhbəti ortaya atmamalı idi. Demişəm, əcəb eləmişəm”.

Cəvahir