Dünyada ilk strateji masa oyunu tapıldı
Arxeoloqlar Qvatemaladakı Maya şəhəri Naaçtunda mozaik üslubda hazırlanmış unikal masa oyununun qalıqlarını üzə çıxararaq qədim dünyada oyun təcrübələrinə dair yeni bilgilər təqdim ediblər.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Patolli azteklər və daha əvvəlki mezoamerikan mədəniyyətləri tərəfindən Amerika qitəsində oynanmış, adətən, qumarla müşayiət olunan strateji masa oyunlarından biridir.
Oyunda parça üzərinə və ya yerə çəkilmiş 52 xanalı xaç formasında düzən qurulur, bir tərəfi nöqtəli olan lobya dənələri zər kimi atılırdı.
Lakin oyunun qədim Maya cəmiyyətlərində tam olaraq necə oynandığı hələ də müəmmalı qalırdı.
Bir zamanlar Maya bölgəsinin paytaxtı olmuş Şimali Petendəki Naaçtunda aparılan son qazıntılar insanların oyunu necə oynadığına və bölgədəki digər idman növləri ilə paralellərinə dair ipucları verir.
Tədqiqatçıların aşkar etdiyi yerə oyulmuş oyun taxtası kiçik qırmızı mozaik plitələrdən hazırlanmışdı. Bu plitələrin bəzilərinin eramızın IV əsrinə aid qırıq keramika qablarından əldə edildiyi düşünülür.
Taxtanın bəzi hissələri dağıldığından onun ümumi quruluşu barədə yalnız ehtimallar irəli sürülə bilir.
Arxeoloqlar hesab edirlər ki, taxta ilkin olaraq təxminən 78 sm enində və 110 sm uzunluğunda olub, 478 plitə parçası ilə düzülmüş 45 xanalıq quruluşdan ibarət idi. Tədqiqatçılar mozaik plitələrin istifadəsinin bu taxtanı qədim dünyada öz növünün yeganə nümunəsinə çevirdiyini bildirirlər.
Mozaikadan istifadənin taxtanın “hazırlanma anından etibarən memarlıq dizaynına daxil edildiyini” göstərdiyi düşünülür.
Alimlər yazırlar: “İlbiz, dəmir filizi və ya firuzədən mozaika texnikası ilə hazırlanmış və ya bəzədilmiş saysız-hesabsız daşınan əsər nümunələri mövcuddur, lakin bildiyimiz qədərilə Qərb Yarımkürəsinin bu bölgəsində müstəmləkə dövründən əvvəl döşəmə mozaikasına dair aydın bir nümunə yoxdur”.
Tədqiqatçılar düşünürlər ki, hazırlanma texnikası Mayaların bu masa oyununu necə oynadığına yeni baxış bucağı təqdim edir və mozaikadan istifadənin oyulmuş və ya boyanmış taxtalara nisbətən “daha uzun ömürlü istifadəyə” işarə etdiyini göstərir.
Taxtanın şəhərin bəzi sahələrinin dizaynına lap əvvəldən daxil edilmiş ola biləcəyi ehtimal olunur.












