“Finala yaxşı, digər oyunlara olduğu kimi hazırlaşmışıq”.
Yenicag.az-ın məlumatına görə, bunu “Qəbələ”nin futbolçusu Cavid Hüseynov deyib.
“Qırmızı-qaralar”ın kapitanı Azərbaycan kubokunun sabah Naxçıvanda keçiriləcək final oyunu barədə fikirlərini açıqlayıb. C.Hüseynov PFL-in saytına açıqlamasında görüşə qələbə iddiası ilə çıxacaqlarını bildirib: “Qələbə qazanmaq, kuboku Qəbələyə aparmaq istəyirik. Düzdür, indiyə qədər mənə kubokun qalibi olmaq qismət olmayıb. Ümid edirəm ki, bu sabah gerçəkləşəcək. Meydançaya istəksiz çıxıb nəticə qazanmaq olmaz. Təkcə təcrübə bunun üçün həmişə yetərli olmur. Biz də həm istək, həm təcrübə ilə hazırlaşmışıq və bunu sabah göstərməyə çalışacağıq. Həqiqətən də bizim üçün Ceyms Adeniyi böyük futbolçudur. Həm bombardirimizdir, həm qol ümidimizdir. Amma ön xətdə Rauf Əliyev də var. O, Ceymsin yoxluğunu hiss etdirməz”.
Qeyd edək ki, C.Hüseynov Azərbaycan kuboku tarixində hamıdan çox – 5 dəfə finalda uduzan yeganə oyunçudur. O, iki dəfə “İnter” (indiki “Keşlə”), bir dəfə “Neftçi”, iki dəfə “Qəbələ”nin heyətində finalın iştirakçısı olsa da, heç vaxt qələbə sevinci yaşamayıb.
www.yenicag.az