!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cəmiyyət seçkilərdən sonra kardinal dəyişikliklər gözləyir” – Fəzail Ağamalı

!Reklam – Yazi

“Sosial şəbəkələri bağlamaq və internetdən istifadəni məhdudlaşdırmaq mümkün deyil”.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Yenicag.az-a müsahibəsində ölkə gündəminin əsas məsələlərinə toxunub.

– Milli Məclisin azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş iclasında xarici işlər naziri Elmar Məmmədyarovu istefaya çağırmağınız gözlənilməz oldu…

– Ermənilər artıq iki əsrə yaxındır ki, öz himayədarlarının hərtərəfli dəstəyi ilə Azərbaycana qarşı işğal və soyqırım siyasətini davam etdirməkdədirlər. Bu məsələlər hər kəsə məlumdur və ona görə də tarixə geniş ekskursiya etməyə ehtiyac görmürəm. Azərbaycan artıq 30 ildir, separatizmlə müşaiyət olunan işğalın acı nəticələrini aradan qaldırmağa cəhd edir. Ancaq təəssüf ki, Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək istiqamətində atdığı addımlar lazımi səviyyədə qiymətləndirilmir. Ermənistanı himayə edən güc mərkəzləri – söhbət ABŞ, Fransa və Rusiyadan gedir – İrəvanın işğalçılıq siyasətini dəstəkləməkdədirlər. İşğalçı Ermənistana qarşı beynəlxalq səviyyədə heç bir tədbir görülmür, sanksiyalar tətbiq edilmir.

Azərbaycan prezidenti İlham Əliyev bu hiyləgər siyasətin mahiyyətini bildiyinə görə, Milli Ordumuzu gücləndirir, iqtisadiyyatı inkişaf etdirir və güc diplomatiyasına üstünlük verir. Məlum “Aprel döyüşləri” Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi.

Prezidentin bu qətiyyətli addımları Xarici İşlər Nazirliyi tərəfindən davam etdirilməli, hətta prezidentin demək istədiyi, lakin deyə bilmədiyi məsələləri daha ciddi şəkildə qabardaraq, Ermənistanın, o cümlədən, onu himayə edən ATƏT-in Minsk qrupu həmsədrlərinin üzərinə getməlidir. Lakin biz bunu Elmar Məmmədyarovun fəaliyyətində görmürük. Məmmədyarov bu fəaliyyəti ilə Ermənistanın öz qeyri-konstruktiv mövqeyini davam etdirməsini stimullaşdırır. Biz onu Azərbaycanın qəti mövqeyini ortaya qoymayan “dişsiz” bir nazir kimi görürük. Məmmədyarov öz açıqlamalarında işlətdiyi diplomatik ifadələrlə Azərbaycan xalqını sakitləşdirməyə çalışır. Nazirin də Hikmət Hacıyev kimi savadlı bir mətbuat katibi var. Onun verdiyi standart açıqlamalar da Azərbaycanın kəskin mövqeyini əsla əks etdirmir. Bu da aydın məsələdir ki, Hacıyevin açıqlamaları da öz növbəsində Məmmədyarovun “süzgəc”indən keçir. Biz təbii ki, bundan çox narahatıq. Xarici İşlər Nazirliyində kifayət qədər təcrübəli, vətənpərvər diplomatlar çalışır. Ancaq onların da fəaliyyəti xeyli dərəcədə məhdudlaşdırılıb. Bunun da günahı birbaşa Elmar Məmmədyarovdadır.

Başqa tərəfdən, xarici ölkələrdəki səfirliklərimizdə keçirilən 20 Yanvar, Xocalı Soyqırımı və digər anım tədbirləri çox yarıtmaz şəkildə təşkil olunur. O tədbirlərin iştirakçılarının mütləq əksəriyyəti elə səfirlik işçilərinin özlərindən ibarətdir; qalanları da ya tələbələr, ya da iş adamları olur. Bu da olur onların keçirtdiyi “anım günü”… Çox utanc gətirən bir mənzərə yaranır. Bütün bunlar yolverilməzdir. Məmmədyarov kəskin və qətiyyətli davranmaq əvəzinə, kosmopolit mövqe tutur. Özünü elə aparır ki, elə bil ərazisi işğal edilən bir ölkənin naziri deyil. Nalbandyanın sifətindən zəhər tökülür, Məmmədyarov isə onun üzünə gülür. Ona görə də hesab edirəm ki, Məmmədyarov öz təşəbbüsü ilə istefaya getməlidir.

– Prezidentliyə namizədlərdən biri də öz çıxışında Elmar Məmmədyarovun istefasını tələb etmişdi. Ardınca Sizin də bu tələbi təkrarlamağınız…

– Mən heç kimin fikrini təkrarlamamışam. Hələ prezident seçkiləri başlamazdan əvvəl də verdiyim müsahibədə Elmar Məmmədyarov haqqında indi söylədiyim fikirləri bildirmişəm. Özünüz də axtarıb, baxa bilərsiz. Xatırlayırsızsa, o zaman ermənilərin Kəlbəcər və işğal olunmuş bəzi ərazilərimizdə yol çəkmələrinə etirazımı ifadə edərək, bütün bunları Elmar Məmmədyarovun fəaliyyətsizliyi ilə əlaqələndirmişdim. Hətta onunla bağlı demişdim ki, Azərbaycan xalqını aldatmaq yetər. Bunu bir ay əvvəl söyləmişəm. İndi prezidentliyə namizədlərdən biri həmin məsələni gündəmə gətiribsə, bu da onun mövqeyidir. Hörmətli Oqtay Əsədov da bunu dedi… Prezidentliyə namizədlərdən hansısa biri Məmmədyarovu istefaya çağırıbsa, bu o deməkdir ki, mənim qaldırdığım məsələ kifayət qədər aktualdır, sosial sifarişdir.

– Məsələ təkrarçılıqda deyil. Belə təəssürat yaranır ki, Məmmədyarovun məsələsi hakimiyyətin üst qatında artıq həll olunub…

– Bilmirəm, bu barədə heç bir məlumatım yoxdur. Mən sadəcə olaraq, o fikirləri Məmmədyarovun fəaliyyətsizliyindən və kosmopolit davranışlarından çıxış edərək söyləmişəm.

– Tamam, aydındır. Söhbətimizin istiqamətini seçkilərə çevirək. Prosesin gedişini necə qiymətləndirirsiz?

– Seçki prosesi Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə davam edir. Seçkilər artıq ən vacib mərhələyə daxil olub və prezidentliyə namizədlər öz platformalarını seçicilərə çatdırmaqdadırlar. İctimai Televiziyada keçirilən debatlardan tutmuş, görüşlərin təşkili, təşviqat materiallarının yayılması və digər məqamlar açıq göstərir ki, namizədlərin hər biri üçün bərabər imkanlar yaradılıb. Bu vəziyyət beynəlxalq müşahidəçilər tərəfindən də etiraf olunur. Tamamilə əminəm ki, 11 aprel seçkiləri tam demokratik, şəffaf, azad və ədalətli keçiriləcək, Azərbaycan xalqının iradəsini əks etdirəcək. Qənaətim bundan ibarətdir ki, xalq İlham Əliyevə bir daha etimad göstərəcək.

– İlham Əliyevin seçkilərin favoriti olması aydındır. Seçki kampaniyasının gedişində digər namizədlərdən hansını fərqləndirə bilərsiz?

– Mənim ad çəkməyim İlham Əliyevin rəqiblərinə qarşı ayrı-seçkilik kimi qiymətləndirilə bilər. Nəzərə alaq ki, sədri olduğum Ana Vətən Partiyası 2003-cü ildən etibarən, prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir. Bu baxımdan, biz İlham Əliyev haqqında fikirlərimizi açıq şəkildə ifadə edirik, onun təbliğat-təşviqat kampaniyasında fəal surətdə iştirak edirik. Onun alternativləri haqqında fikir söyləmək isə fikrimcə, etikadan kənar olardı.

– Seçkilərdə iştirak məsələsi müxalifət daxilində növbəti parçalanmaya səbəb oldu. Rəqib siyasi düşərgədəki vəziyyəti izləyirsiz?

– Öncə onu deyək ki, Azərbaycan müxalifəti çoxqütblüdür. Ənənəvi radikal müxalifət artıq sürətlə tarixin arxivinə doğru getməkdədir. Çünki müxalifətin bu qanadına mənsub olanlar dəyişə bilmədilər, xalqın iradəsinə söykənərək, hakimiyyət uğrunda mübarizə aparmaqdan daha çox öz radikal mövqeləri – iqtidarı təhqir etməklə, bir çox hallarda isə xarici himayədarlar axtarmaqla məşğul oldular. Xalq onları qəbul etmədiyinə görə, həmin təşkilatlar çoxdan “ofis partiyaları”na çevriliblər. Keçirtdikləri mitinqlərə gələnlərin sayı da göstərir ki, xalq o qüvvələrə etimad göstərmir.

Müxalifətin konstruktiv qanadına gəldikdə isə o tip partiyalardan parlamentdə təmsil olunanlar da var, Milli Məclisə düşməyənlər də. Ancaq onların da cəmiyyətdəki mövqeyi yetərincə güclü deyil – çünki dağınıq vəziyyətdədirlər. Bu səbəbdən, onlar hətta ciddi məsələlərdə də ortaq mövqeyə gələ bilmirlər. Çünki ambisiyaları fərqlidir, biri digərinə güzəştə getmir.

Amma mütləq qeyd olunmalıdır ki, Azərbaycan müxalifətinin indiki zəif vəziyyəti birbaşa olaraq, prezident İlham Əliyevin yürütdüyü və xalqın dəstəklədiyi uğurlu daxili və xarici siyasətdir. Azərbaycan xalqına sabit ölkə və yaşamaq üçün normal imkanlar lazımdır ki, bunlar da var. Mən demirəm ki, ölkədə nöqsanlar yoxdur, insanlar incidilmir, məmurlarla vətəndaşlar arasında hər hansı problem yoxdur… Mən bunları deməkdən uzağam. Təbii ki, bunlar var. Lakin bütövlükdə ölkə prezidentinin həyata keçirtdiyi siyasət Azərbaycan xalqının mütləq əksəriyyətinin düşüncəsini əks etdirir. Bu uğurlu siyasət isə müxalifət ətrafında sosial bazanın formalaşması imkanlarını aradan qaldırır.

– Hazırda əsas diqqət seçkilərin nəticələrindən çox, seçkisonrası mümkün dəyişikliklərə yönəlib. Sizin bu barədə hansı qənaətiniz var?

– Hesab edirəm ki, seçkilərdən sonra ölkədə ciddi islahatlar aparılacaq. Bu, əlbəttə ki mənim şəxsi fikrimdir. Nəzərə alaq ki, islahatlar seçkidən əvvəl də aparılırdı. Məncə, seçkilərdən sonra bu islahatlar daha kardinal və fundamental şəkildə davam etdiriləcək. Görünən də budur ki, bütün cəmiyyət bu islahatları gözləyir.

– Ehtimal olunan dəyişikliklər yüksək məmur təbəqəsini də əhatə edəcək?

– Əgər köklü islahatlar aparılacaqsa, o zaman istisnalar ola bilməz.

– Son günlər sosial şəbəkələrlə bağlı müzakirələr aparılır, hətta onların bağlanmasını təklif edənlər də var. Sosial şəbəkələrin bağlanmasına ehtiyac var?

– Mənə belə gəlir ki, sosial şəbəkələr hətta alternativ fikirlərin ortaya qoyulması üçün genişmiqyaslı bir meydandır. Əlbəttə, sosial şəbəkələrdə xoşa gəlməyən, tərbiyəsiz fikirləri ortaya qoyanlar da var. Əsas cəmiyyətə daxil olmağa çalışan “virus”ların qarşısı alınmalıdır. Lakin bütövlükdə sosial şəbəkələri bağlamaq, internetdən istifadəni məhdudlaşdırmaq mümkün deyil, heç buna ehtiyac da yoxdur. Biz sosial şəbəkələrin və internetin üstünlüklərindən maksimum faydalanmalıyıq. Ancaq yenə deyirəm, çalışmalıyıq ki, sosial şəbəkələrdə təhqir və söyüşlərə imkan verilməsin.

A. Zeynalov

COP29

www.yenicag.az

2683
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv