“Cəmiyyətdə hərəkətlilik, yenilənmə yoxdursa, müxalifət nəyi necə dəyişə bilər?”
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədəki mümkün dəyişiklikləri şərtləndirən amilləri şərh edən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu hesab edir ki, cəmiyyət ətalətdə qaldığı və dəyişiklik istəmədiyi müddətdə hər hansı yeni təşəbbüsün aktuallaşması mümkün deyil:
“Dəyişikliklər üçün daxili və xarici faktorların aktivləşməsi tələb olunur. Bu, tək Azərbaycan üçün yox, əksər ölkələr üçün belədir.
Görürük ki, beynəlxalq güclər Azərbaycandakı demokratik dəyişikliklərə dəstək vermirlər, əksinə, buradakı vəziyyətin belə qalmasında maraqlıdırlar. Çünki ortada irihəcmli investisiyalar və sair var. Özünüz baxın, ölkədə hakimiyyət və cəmiyyət dəyişmirsə, müxalifət öz-özünə necə dəyişə bilər? Dəyişiklik olsa-olsa, mövcud şəraitdə müxalifətin sıralarının bir qədər seyrəlməsində özünü göstərə bilər.
Yaranmış vəziyyətdə dəyişikliyin olması üçün dediyim kimi, xarici amillərin təsiri artmalıdır.
Ermənistandakı son proseslər, Ukrayna hadisələri, “Ərəb baharı”, İŞİD-in meydana çıxması və başqa olaylarda təkanverici məqamlar məhz xarici faktorlar olub. Ümumiyyətlə, dinc demokratik mübarizəyə xaricdən dəstək verilməsə, onun nəticə verməsi mümkün deyil.
Daxili faktor isə xalqın öz durumu ilə razılaşmaması, düşdüyü vəziyyətdən çıxmaq istəyi ilə bağlıdır. Müxalifətin vəzifəsi narazı elektoratı təşkilatlandırmaqdır. Yoxsa, müxalifət xalqın əvəzindən hakimiyyəti dəyişdirə bilməz – bütün hallarda bunu xalq etməlidir. Yəni dəyişikliyin başqa yolu yoxdur”.
A.Zeynalov