“Media savadlılığının sadəcə media adamları arasında deyil, geniş auditoriya qarşısında intensiv bir şəkildə daim ayaqda tutulması vacibdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında insanların media savadlılığının artırılması və feyknyusla mübarizə etmənin yolları haqda danışan media eksperti, jurnalsit Azər Həsrət deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, sosial medianın belə geniş qol-qanad açıdığı bir dövrdə özəllilklə media savadlılığı aşağı olan insanlar saxta xəbərçiliyin qurbanına çevrilir:
“Təəssüflər olsun ki, sosial medianın belə geniş qol-qanad açdığı bir dövrdə özəllilklə media savadlılığı aşağı olan insanlar saxta xəbərçiliyin qurbanına çevrilir. Doğrudan da, insanlar qarşılarına çıxan xəbərlər, yazılarla bağlı şübhəçi yanaşma sərgiləmirlər. Bir qayda olaraq hansına media, xəbəri yayıbsa, onu yalan və ya doğru olmasına baxmadan inanmağa meylli olurlar. Bu da, əslində, əxlaq məsələsidir. İnsanların əksəriyyəti saf, əxlaqlı, dürüst təmizdir. Ona görə də fürsətçilər onların bu xüsusiyyətindən sui-istifadə edir, yəni cəmiyyəti aldatmaq, yanlış yönə yönəltmək üçün saxta xəbərlər yayırlar. Bunun öhdəsindən necə gəlmək olar, yaxud da nə etmək lazımdır ki, insanlar buna alət və qurban olmasınlar. Biz həmişə çıxışlarımız, yazılarımızda, danışıqlarımızda bir şeyi vurğulayırıq. İstənilən media qurumunun, istənilə platformada yayılan xəbərlərinə, yazılarına şübhəçi yanaşmaq lazımdır. Ona görə ki, əgər tanımadığımız, təsadüfi bir saytın, adını heç vaxt eşitmədiyimiz bir şəxsin yaydığı xəbərlərə rastlaşırıqsa, buna dərhal inanmamalı və onu tirajlamamalıyıq. Həmişə deyirik ki, güvəndiyimiz və davamlı şəkilkdə izlədiyimiz, inandığımız media qurumlarının xəbərlərinə daha çox üstünlük verməliyik, daha çox güvənməliyik”.
Ekspert qeyd edib ki, eyni zamanda, indiki yeni texnologiya dövründə əsas da dövlət qurumlarının yaydığı xəbərləri daha çox onların öz onlayn resurslarından dəqiqləşdirmək imkanı var:
“Yəni oxucu, tamaşaçı, dinləyici ümumilikdə desək, istifadəçi, informasiya tələbatçısı özü-özünə bu sualı verməlidir ki, bu platformada yayılan və heç vaxt tanımadığım və bilmədiyim media resursuna aid olan xəbərə niyə güvənməliyəm? Bax, bu sualı verəcəyi təqdirdə, istifadəçi yanlış, yalan xəbərlərin qurbanına çevrilməyəcək. Sadəlövhcəsinə qarşısına çıxan hər şeyə inananlar isə həm özləri qurban olacaqlar, həm də cəmiyyətin böyük bir kəsiminin o saxtakarların toruna düşməsinə səbəb olacaqlar. Bu baxımdan media savadlılığının sadəcə media adamları arasında deyil, geniş auditoriya qarşısında intensiv bir şəkildə daim ayaqda tutulması vacibdir. Yəni maarifləndirmə işi aparılmalı, hər kəs çağdaş media platformalarından aldığı xəbərlərlə bağlı daha diqqətli necə olmaq mümkündürsə, onu öyrənməlidir. Bunu da bu işlərin peşəkarları öyrədə bilər”.
İsmayıl Bakuvi
www.yenicag.az