“Prinsip etibarı ilə “Qarabağ” kimi klubların yenilənmiş Çempionlar Liqasında iştirakı məsələsində heç nə dəyişməyib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında yeni mövsümdən Çempionlar Liqasında tətbiq ediləcək yeni sistemin zəif komandalara təsiri haqda danışan idman jurnalisti Natiq Muxtarlı deyib.
Onun sözlərinə görə, UEFA Çempionlar Liqasında islahat aparmağa məcbur idi.
“Əgər buna “islahat” demək mümkündürsə. Nəhəng klublar UEFA-nı Avropa Superliqası ideyası ilə təhdid edirlər. Böyük klubların da məqsədi daha çox pul qazanmaqdır. Təbii ki, böyük klublar daha çox varlandıqca, balans pozulur. Digər klublarla nəhənglər arasında uçurum yaranır. Bu da UEFA-nın prinsiplərinə ziddir. Belə olarsa, futbolun genişlənməsi, populyarlaşması mümkün olmayacaq. Beləliklə, Avropa futbolu 5-6 ölkənin 10-15 klubundan ibarət olacaq”, – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, “Qarabağ” kimi komandalar Çempionlar Liqasında daha da güclənməyə məhkumdurlar:
“UEFA nəhənglərin “Superliqa təhdidi” altında Çempionlar Liqasında islahat aparmağa qərar verdi. Bir növ, UEFA elə Avropa Superliqasının analoqunu yaradır. Lakin kiçik ölkələrin də klublarının bu “xəzinə”yə daxil olması üçün balaca pəncərə də saxlayır. Prinsip etibarı ilə “Qarabağ” kimi klubların yenilənmiş Çempionlar Liqasında iştirakı məsələsində heç nə dəyişməyib. Çempionlar yolu ilə kiçik ölkələrin 5 komandası qrup mərhələsində olacaq. Sadəcə, say artımındakı digər yerlər böyük ölkələrə “hədiyyədir”. Təbii ki, Çempionlar Liqasında klubların qazancı da artacaq. Ona görə də, “Qarabağ” kimi komandalar Çempionlar Liqasında daha da güclənməyə məhkumdurlar. Çempionlar Liqasının qrupunda oynamaqla “xəzinə”dən müəyyən məbləğ götürmək mümkün olacaq. Bu məbləğ isə Azərbaycan şərtlərində çox böyükdür. İnanaq ki, çempionlar yolu ilə qrup mərhələsinə adlayacaq 5 komandadan biri də məhz “Qarabağ” olsun”.
İsmayıl Bakuvi
www.yenicag.az