“Azərbaycanın öz milli maraqları var və biz bu maraqlardan geri çəkilə bilmərik.”.
Bu fikirləri Cənubi Qafqaz regionunda sülhün bərqərar edilməsində maraqlı olmayan qüvvələrin davranışını və bölgədə proseslərin mümkün inkişafını şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, həm Rusiya, həm də Qərb regionda sülhün təmin olunmasında maraqlı deyil:
“Bu güclərdən heç biri Cənubi Qafqazda sülhün olmasını istəmir. Ümumiyyətlə, hər hansı regionda müəyyən proseslərə qarışan böyük dövlətlər gedişatı öz maraqlarına uyğunlaşdırmağa çalışırlar. Bu alınmayanda isə prosesi “dondurmağa”, iştirakçı ölkələri təzyiq altında saxlamağa cəhd göstərirlər.
Hazırda Qərbin əsas niyyəti Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, Azərbaycanın bu prosesdə aktiv iştirakına nail olmaq və nəticədə Bakı ilə Moskvanın münasibətlərini kəsməkdir. Qərb bu prosesin sonunda hegemonluğu ələ keçirməyi düşünür.
Digər tərəfdən, Qərb regiondakı qarşı duran tərəflərə fərqli mövqedən yanaşır, Ermənistana silah verərək onu gücləndirməyi hədəfləyib. Bu, ədalətsiz mövqedir və ölkənin milli qüvvələri olaraq, buna etiraz edirik. Yəni üzləşdiyimiz ədalətsizliyə görə əvvəl Rusiyaya təpki göstərirdik, indi isə Qərbə.
Azərbaycanın öz milli maraqları var və biz bu maraqlardan geri çəkilə bilmərik. Zəngəzur dəhlizi mütləq açılmalıdır. İrandan keçən yol həmin dəhlizə alternativ ola bilməz, bu sadəcə, siyasi gedişdir. Ölkə daxilindən də sosial sifariş olmalıdır. Qərbdən də görməlidirlər ki, Azərbaycanda sosial sifariş var. Təəssüf ki, bizdə dərin düşünən siyasi qüvvələr, media çox azdır.
Bəziləri deyir ki, Qərb Rusiya üzündən Azərbaycana basqı edir. Ancaq nəzərə almırlar ki, bizim Rusiya ilə münasibətlərimiz korlansa belə, Qərbin Azərbaycana təzyiqləri azalmayacaq. Çünki Qərbin apardığı siyasət ikili standartlara söykənir. Acınacaqlı haldır ki, bu reallığı görən və o barədə danışanlar çox deyil”.
Səxavət Məmməd
www.yenicag.az