“Qərbin qarşıya qoyduğu prioritet məqsəd Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan verməməkdir”.
Bu fikirləri Avropa İttifaqının (Aİ) cari ilin sonu, yaxud gələn ilin əvvəlində Ermənistana yeni mülki missiya göndərmək planını şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Aİ-nin Ermənistana göndərməyə hazırlaşdığı yeni missiyanın məqsədi öncədən məlumdur:
“Cənubi Qafqaz regionunda mövcudluğunu möhkəmləndirməyə çalışan Avropa İttifaqı bu çərçivədə əlindəki bütün imkanlardan istifadə edir. Öncə mülki missiya adı ilə bölgəyə gəldi, sonra isə həmin monitorinq heyətini genişləndirməyə başladı. Sözügedən missiyanın tərkibinin isə keçmiş hərbçilər və təhlükəsizlik əməkdaşlarından ibarət olduğu sirr deyil.
Avropa İttifaqı mülki missiyanın göndərilməsində iki əsas hədəfə yetişməyi qarşıya məqsəd qoyub: bölgədə təsir rıçaqlarını formalaşdırmaq və Rusiyanın Cənubi Qafqaza təsirini minimallaşdırmaq. Yəni mülki missiya kollektiv Qərbin Rusiyaya qarşı fəaliyyətinin mühüm elementidir.
Burada bizi maraqlandıran əsas məqam Qərbin sülh danışıqları prosesinə zərbə vurmaq niyyətidir. Qərbin qarşıya qoyduğu prioritet məqsəd Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan verməməkdir. Belə addımların atılması əlbəttə, Avropaya başucalığı gətirmir.
Hələ də anlamırlar ki, Azərbaycana qarşı əks mövqedə dayanmaq iqtisadi əməkdaşlığa ciddi zərər vura bilər. Bu baxımdan, Avropa İttifaqı Ermənistana yeni missiyanın göndərilməsi məsələsi üzərində bir daha düşünməlidir”.
Nəsimi Ələsgərli
www.yenicag.az