Çexiyalı futbolçu “Neftçi” yə gəlir
“Neftçi” 2 gün öncə növbəti transferini açıqlayıb. “Ağ-qaralar” rəsmi sayt vasitəsilə çexiyalı müdafiəçi Pavel Dreksa ilə birillik müqavilə imzaladıqlarını bildiriblər. Dreksanın “Neftçi”də 6 nömrəli formanı geyinəcəyi də məlumdur.
Yeniçağ.az xəbər verir ki, 27 yaşlı futbolçunun son klubu, icarə əsasında çıxış etdiyi “Karvina”nın mətbuat xidmətindən isə bu məlumat təkzib olunub. Qurumun rəhbəri Adam Yanujekin sözlərinə görə, Dreksanı komandada saxlamaq üçün danışıqları davam etdirirlər:
“Bakıdan Pavellə müqavilə bağladıqlarını açıqlayıblar. Halbuki, sözləşmə hələ imzalanmayıb. Danışıqları davam etdiririk. Dreksanın “Neftçi”yə transferi hələ təsdiqlənməyib”.
Məsələ ilə bağlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rasulovla əlaqə saxladıq. Yeniçağ.az-a danışan klub rəsmisi işin başa çatdığını deyib:
“Çexiyalı futbolçu Pavel Dreksa 2017-ci ildə komandamızın formasını geyinəcək. Onun klubu və özü ilə müqavilə bağlanıb. Hər bir sənədləşmə işi tam olaraq, yekunlaşıb”.
Qeyd edək ki, Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarının şərəfini qorumuş Dreksa “Karvina”dan öncə “Siqma”, “Banik” və “Znoymo” klublarında çıxış edib.
Aygün İlqarqızı
Yenicag.az