“Türkiyənin hər bir millət vəkili bütün məqamlarda Azərbaycanın yanında olmalıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatların Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə qətnaməyə səs vermələrini şərh edən Böyük Millət Məclisinin (TBMM) üzvü Yusuf Halaçoğlu deyib:
“CHP millət vəkillərinin Azərbaycan əleyhinə hər hansı sənədi imzalamağa haqları yoxdur. Mən onların nədən belə addım atdıqlarının səbəbini bilmirəm – həmin şəxslərlə görüşüm olmayıb.
Ancaq nə olursa-olsun, Türkiyənin hər bir millət vəkilinin bütün məqamlarda Azərbaycanın yanında olması lazımdır”.
Halaçoğlu Türkiyənin 4 vətəndaşının Dağlıq Qarabağa qanunsuz səfər etməsini də pisləyib:
“Qarabağ Azərbaycan torpağıdır və bu məsələ ilə bağlı istədiyi qərarı qəbul etmək haqqına malikdir – bu məsələ müzakirə mövzusu belə ola bilməz.
O şəxslərin həbs edilmələrinə gəldikdə isə bunu deyə bilərəm ki, bizim hələ ki bir partiyamız yoxdur. Bu işi həll etdikdən sonra Türkiyənin müvafiq qanununda o məsələlərin öz əksini tapmasına çalışaraq, əlimizdən gələni edəcəyik”.
A.Zeynalov
www.yenicag.az