“CHP-nin növbədənkənar prezident seçkilərinə liderləri Kamal Qılıncdaroğlu ilə deyil, partiyanın aşağı iyerarxiyasında yer alan Məhərrəm İncə ilə getməsinin səbəbi yeni yaranan İYİ Partiyaya şans vermək məqsədi daşıyır”
Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident seçkilərinə müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizəd qismində liderləri Kamal Qılıncdaroğlunun deyil, millət vəkili Məhərrəm İncəni irəli sürməsinə münasibət bildirərkən siyasi icmalçı Vüqar Ziferoğlu deyib:
“Fikrimcə CHP prezidentliyə namizəd qismində sədr Kamal Qılıncdaroğlunu deyil, partiya deputatlarından olan Məhərrəm İncəni irəli vermələrində əsas səbəb sol düşərgədən İYİ Partiya üçün veriləcək səsləri parçalamamaq məqsədi daşıyır. Bəlkə də, qəribə olsa da, həmin səslərin əhəmiyyətli hissəsini özündə saxlamamaq üçün atılan bir addımdır. Qılıncdaroğlu partiya lideridir. Onun prezident seçkilərində namizədliyinin irəli sürülməsi istər-istəməz sol düşərgədən CHP-yə xeyli miqdarda səsin axmasına səbəb ola bilər. Görünür, indiki situasiyada CHP özü də bunda maraqlı deyil. Ona görə hazırkı dönəmdə İYİ Partiyanın irəli verilməsini düşünürlər. Bu səbəbdən də sədri deyil, partiya iyerarxiyasında daha arxa planda dayanan namizədi irəli sürməklə bir növ könüllü şəkildə İYİ Partiyanın lehinə qərar qəbul etmiş olurlar. Bilirsiniz ki, CHP rəhbərliyi hər nə olursa-olsun öz namizədlərilə seçkiyə gedəcəkləri bəyanatını vermişdi. Məhərrəm İncənin namizədliyini verməklə həm həmin bəyanatdan irəli gələrək verdikləri sözü tutmaq istəyirlər. Həm də AKP üçün ciddi rəqib olaraq formalaşan İYİ Partiyanın səslərini parçalamaq istəmirlər. Bir növ CHP-nin sözügedən namizədin üzərində dayanması hər iki hədəfə doğru atılan addım kimi qiymətləndirilə bilər”.
Amma həmsöhbətimizə görə, bu o anlama gəlmir ki, CHP seçkilərdə qələbə çalacağına öncədən inanmadığından belə bir addıma gedib:
“İYİ Partiya yarandığı zaman həm sol, həm də sağ mərkəzdən xeyli insan öz partiyalarından, əsasən də CHP və MHP-dən istefa verərək, yaranan yeni siyasi təşkilata üzv oldular. Ümumiyyətlə, həmin partiyanın yaranmasında başlıca məqsəd sağ mərkəzdəki boşluğu doldurmaqla yanaşı, alternativ qüvvə formalaşdırmaqdan ibarət idi. Hansı ki, belə bir qüvvənin formalaşmasına CHP də müsbət rəy bildirmişdi. Bu mənada görünür onlar hazırda həmin missiyanın sonadək başa çatmasını gözləyirlər. Ona görə də İYİ Partiyaya şans veriblər”.
Qeyd edək ki, millət vəkili Məhərrəm İncə Cümhuriyyət Xalq Partiyasından prezidentliyə namizədliyini elan edib.
ELÇİN
www.yenicag.az