Cibgir ailənin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində cibgirliklə məşğul olmaqda təqsirləndirilən Rəhilə İsmayılova, onun ailə üzvləri – Məleykə Şamilova, Nətavan Şamilova, Mətanət Şamilova və Məcid Şamilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərdən Məleykə Şamilova özünü təqsirli bilmədiyini deyib: “Məni və ailəmi həbs ediblər. Bizi kriminal ailə kimi cəmiyyətə təqdim edirlər. Bundan əvvəl də üç dəfə məhkum olunmuşam. Bizim ailədə heç kimi qoymayıblar, hamısını həbs ediblər ”.
Prosesdə çıxış edən dövlət ittihamçısı Fərid Nağıyev isə məhkəmədən cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib. Məhkəmə proses iyunun 18-dək təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin üzərilərinə baxış keçirilərkən Məcid Şamilovdan 3,75 qram, Rəhilə İsmayılovadan isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı məlum olub ki, onlar avtobusda Gülüzə Abışovanın içərisində 40 manat və 6 ədəd bankomat kartı olan pul kisəsini əl çantasından oğurlayıblar. Təqsirləndirilən Rahilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməllərində şübhəli bilinir. O, kriminal aləmdə “Qara Rahilə” kimi tanınır.