“TƏBİB-ə xəbər veriblər ki…” – Qənirə Ataşova tibb sahəsindəki intriqalardan yazdı

media-hightechnic-468x90

Tanınmış jurnalist Qənirə Ataşova maraqlı paylaşım edib. O, ABŞ-da tibb təhsili alan azərbaycanlı tələbə övladı Fərhad Anaroğlunun Azərbaycanda keçmək istədiyi təcrübə və üzləşdiyi “təcrübə” barədə məlumat verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Qənirə Ataşova bildirib ki, ABŞ-ın Virciniya Universitetində tibb istiqamətində təhsil alan 4-cü kurs tələbəsi, gələcəkdə neyrocərrah olmaq istəyən oğlu Fərhad Anaroğlu Azərbaycana tanınmış neyrocərrah Ələsgər Həsrətovun fəaliyyətini müşahidə etmək məqsədilə gəlib.

Onun sözlərinə görə, dünyada “shadowing” və ya “job shadowing” kimi tanınan təcrübə tibb təhsilinin vacib hissələrindən biridir və tələbələrin həkimlərin fəaliyyətini müşahidə etməsinə imkan yaradır.

“Azərbaycan dilində buna “həkimi müşahidə etmək” deyilir. Tələbə həkimə müraciət edir, həkim razılıq verir və tələbə sadəcə prosesi kənardan izləyir. O, əməliyyata müdaxilə etmir, xəstəyə toxunmur, tibbi qərar vermir. Sadəcə müşahidə edərək öyrənir”, – deyə Ataşova qeyd edib.

Jurnalist vurğulayıb ki, həkim canlı tibbi mühiti görərək, təcrübəli mütəxəssisin qərarvermə prosesini izləyərək formalaşır və əməliyyat otağında olan hər kəsin əməliyyatı həyata keçirən şəxs kimi qiymətləndirilməsi doğru deyil.

Qənirə Ataşova bildirib ki, Fərhad Anaroğlu Azərbaycana məhz Ələsgər Həsrətovun təcrübəsini müşahidə etmək üçün gəlib və geri qayıtdıqdan sonra professorlarına, tələbə yoldaşlarına Azərbaycanda gördüyü peşəkar tibbi təcrübədən danışmağı planlaşdırıb.

O qeyd edib ki, xəstəxana daxilindəki müəyyən şəxslər bu prosesi intriqa mövzusuna çeviriblər:

“Görünən odur ki, Amerikadan gələn bir tələbənin məhz Ələsgər həkimi müşahidə etməsi bəzilərini narahat edib. Tələbənin öyrənmək arzusu dəstəklənmək əvəzinə, süni problem yaradaraq TƏBİB-ə xəbər veriblər ki, Fərhad əməliyyat edir”, – deyə jurnalist yazıb.

Ataşova müşahidəçi tələbənin əməliyyatda iştirak edən şəxs kimi təqdim edilməsini tibbi təhsilin mahiyyətinin yanlış anlaşılması və ya məsələnin məqsədli şəkildə təhrif edilməsi kimi qiymətləndirib.

Jurnalist qeyd edib ki, xaricdə təhsil alan azərbaycanlı gəncin öz ölkəsinə gələrək sahəsinin aparıcı mütəxəssislərindən birini müşahidə etmək istəməsi Azərbaycan səhiyyəsi üçün problem deyil, uğur kimi qəbul olunmalıdır.

O, həmçinin Ələsgər Həsrətovun ölkədə mürəkkəb beyin əməliyyatlarını tətbiq edən, 10-dan artıq yeni əməliyyat metodunu Azərbaycana gətirən və çoxsaylı beyin cərrahı yetişdirən mütəxəssis olduğunu vurğulayıb.

Qənirə Ataşovanın sözlərinə görə, belə bir həkimin yanında müşahidə aparmaq istəyən tələbəyə dəstək vermək əvəzinə, məsələnin problem kimi təqdim edilməsi nə tibbə, nə təhsilə, nə də dövlət maraqlarına xidmət edir.

“Fərhad yenə də Amerikada Ələsgər həkimin peşəkarlığından danışacaq. Amma təəssüf ki, bu dəfə təkcə onun tibbi təcrübəsindən yox, həm də Azərbaycanda peşəkar həkimin ətrafında yaradılan maneələrdən danışmalı olacaq”, – deyə Ataşova əlavə edib.

Jurnalist hesab edir ki, hadisə yalnız bir tələbənin əməliyyat otağından uzaqlaşdırılması deyil, həm də xaricdə təhsil alan azərbaycanlı gənclərə, peşəkar həkimlərə və tibbi təhsilin mahiyyətinə münasibətin göstəricisidir.

Ataşova xatırladıb ki, Prezident İlham Əliyev də çıxışlarının birində bilikli, savadlı və Vətənə bağlı gəncliyin Azərbaycanın dayanıqlı uğurunun təminatı olduğunu bildirib.

“Əgər biz xaricdə oxuyan gənclərimizin Azərbaycanla bağını qorumaq istəyiriksə, onların qarşısına süni maneələr çıxarmamalıyıq. Öyrənmək istəyən gəncin yolunu kəsmək yox, ona qapı açmaq lazımdır”, – deyə jurnalist paylaşımında qeyd edib.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05