Ət bazarında bahalaşma RİSKİ: İlin sonuna doğru qiymətlər necə OLA BİLƏR?
“İlin sonuna qədər mal ətinin 20 manata, qoyun ətinin isə 25-27 manata yüksəlməsi mümkündür, lakin bu, hələlik qaçılmaz ssenari kimi görünmür”.
Bu sözləri Yenicag.az -a açıqlamasında ilin sonuna qədər mal ətinin qiymətinin 20 manat, qoyun ətinin qiymətinin 25-27 manata yüksələcəyi ilə bağlı səsləndirilən proqnozlara münasibət bildirərkən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Ekspert təklif azalacağı təqdirdə, qiymətlərin artmasının qaçılmaz olacağını söyləyib:
“İlin sonuna qədər mal ətinin qiymətinin 20 manata, qoyun ətinin isə 25-27 manata yüksələcəyi ilə bağlı proqnozları tamamilə əsassız saymaq olmaz, lakin bu cür rəqəmləri indidən qəti proqnoz kimi qəbul etmək də düzgün deyil. Ətin qiymətinə təsir edən əsas amillər yem qiymətləri, heyvan sayının dinamikası, idxal imkanları, mövsümi tələbat və əhalinin alıcılıq qabiliyyətidir. Son illərdə yem və digər istehsal xərclərinin artması heyvandarlıq sektorunda maya dəyərini yüksəldib. Eyni zamanda bəzi fermerlər gəlirliliyin azalması səbəbindən təsərrüfatlarını kiçildirlər ki, bu da bazara çıxarılan heyvan sayına təsir göstərə bilər. Təklif azalarsa, qiymətlərin artması qaçılmaz olur. Digər tərəfdən, ətin qiyməti yalnız istehsalçıların xərcləri ilə müəyyənləşmir. Əhalinin alıcılıq qabiliyyəti də qiymətlərin formalaşmasında mühüm rol oynayır. Əgər bazar daha yüksək qiymətləri qəbul etməyə hazır deyilsə, qiymət artımı proqnozlaşdırılan səviyyəyə çatmaya bilər. Bundan əlavə, idxalın artması və ya dövlət tərəfindən bazarın tənzimlənməsi istiqamətində atılan addımlar da bahalaşmanı məhdudlaşdıra bilər”.
“Bu səbəbdən ilin sonuna qədər mal ətinin 20 manata, qoyun ətinin isə 25-27 manata yüksəlməsi mümkündür”, – deyən iqtisadçı bunun da hələlik qaçılmaz ssenari kimi görünmədiyini vurğulayıb:
“Daha real yanaşma ondan ibarətdir ki, bazarda mövcud tendensiyalar qiymətlərin müəyyən qədər artacağını göstərsə də, artımın dəqiq hansı həddə çatacağını indidən qəti şəkildə söyləmək mümkün deyil. Əsas məsələ odur ki, təklifin azalması və istehsal xərclərinin yüksəlməsi davam edərsə, ət bazarında bahalaşma riski kifayət qədər yüksək olaraq qalır”.
Cəvahir













