"Ciddi normativlər yaradılmalı, qaydaları pozanlar cəzalandırılmalıdır" – Sosioloqdan TƏKLİF
“Özəl televiziyalar pul qazanmaq üçün bütün milli-mənəvi dəyərləri ayaq altına almaqdan çəkinmir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı qeyd edib.
Sosioloq televiziya kanallarında bir neçə qalmaqallı aparıcının verilişlərinin yayımının dayandırılmasını təqdirəlayiq addım kimi qiymətləndirib:
“Təəssüf ki, son dövrlərdə bizim televiziyalarımız biabırçı vəziyyətə gəlib çıxmışdı. Bu, həm də radiolara aiddir. Əslində, burada söhbət özəl televiziyalardan gedir. Bəzən cəmiyyət anlayışları qarışdırır; dövlət kanallarında problem yoxdur. Onlar milli-mənəvi dəyərlərimizə uyğun tarixi, ədəbi və bədii verilişləri yüksək səviyyədə təqdim edirlər. Digər tərəfdən isə kommersiya kanalları mövcuddur ki, onlar ‘şou kanallarıdır’ və efirin 90 faizindən çoxunu zəbt ediblər. Problem də elə bundadır”.
Elçin Bayramlı bildirib ki, özəl kanallar üçün yeganə maraq maddi qazancdır:
“Onlar pul qazanmaq naminə gənclərin tərbiyəsinin pozulmasını, kriminalın, əxlaqsızlığın və mənəviyyatsızlığın artmasını vecə almırlar. Hətta ailələrimiz dağılsa belə, onlar yalnız qazancı düşünürlər. Ona görə də uzun illərdir təklif edirəm ki, özəl kanallarla bağlı ciddi tələblər olmalıdır. Efirlərdən pozğun ünsürlər yığışdırılmalı, yerinə ziyalılar, alimlər və səviyyəli insanlar çıxarılmalıdır. Nəhayət ki, bu məsələnin üzərinə düşülüb və bu, təqdirəlayiqdir”.
Sosioloq vurğulayıb ki, televiziyalar kütlələrə təsir edən ən böyük silahdır:
“Bu silah vasitəsilə bəzi şəxslər cəmiyyəti istədikləri kimi yönəldə bilirlər. Dövlət artıq bura strateji məqsəd kimi yanaşır və ciddi işlərə başlayıb. Ümid edirəm ki, yaxın vaxtda efirlərimiz tamamilə təmizlənəcək. Şoular və bayağı seriallar yerinə elmi verilişlər yayımlanmalıdır. Geyimdən tutmuş danışıq intonasiyasına qədər ciddi normativlər yaradılmalı, qaydaları pozanlar cəzalandırılmalıdır. Əmin olun ki, xalq da bunu dəstəkləyəcək. Bu addımlar davamlı olarsa, gənc nəsil milli-mənəvi dəyərlərimizə uyğun böyüyəcək. Mən bu qadağaları alqışlayıram”.
Nurlan Cəfəri













