Millət vəkili deputatlara qarşı intizam tədbirlərinin sərtləşdirilməsi təkliflərini dəstəkləyib.
Yenicag.az xəbər verir ki, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna təklif edilən düzəlişlərin adekvat olduğunu bildirib:
“Qanunun 10-cu maddəsinə edilən dəyişikliklərə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz. Mən belə qənaətdəyəm ki, bu məbləğ kifayət qədər azdır. Çünki, başqa ölkələrdə bu rəqəm daha böyükdür. Biz gərək “Korrupsiya haqqında” qanunda bu rəqəmi dəyişək, məhz orada həmin rəqəmin artırılması ilə bağlı təklif irəli sürək. Belə olsa, problem öz həllini tapacaq”.
Əflatun Amaşov başqa ölkələrin qanunvericiliyində maraqların toqquşması və digər məqamların daha sərt formada qoyulduğunu diqqətə çatdırıb:
“Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməlidir. Xidməti vəzifəsinin icrası ilə maraqları arasında ziddiyyət yarandıqda maraqlarından imtina etməlidir. Burada deyilənlər başqa ölkələrdə çoxdan, daha sərt şəkildə qəbul olunub. Böyük Britaniyada deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir. Hətta Almaniyada deputat cinayətdə ittiham edilirsə, o, iclas zalında həbs olunur. Elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri-etik aparsa, hətta parlamentdə çıxış etsə, onu çox ağır cəza gözləyir”.
Millət vəkilinin fikrincə, indiki şəraitdə deputatların gəlir deklorasiyası haqqında qanunun qəbul edilməsinə ehtiyac var:
“Beynəlxalq təcrübədə gəlir deklorasiyası əsas şərtlərdən biri kimi göstərilib. Gəlir deklorasiyasının tətbiqini bu dəfə də olmasa, gələn dəfə gündəmə gətirək və qəbul edək. Bunun üçün qanunvericilik bazamız da mövcuddur. Bununla cəmiyyətə nümunə göstərək. Belə olarsa, növbəti Zamirə qalmaqalı da olmaz”.
A.Zeynalov
www.yenicag.az