Çində uyğur qətliamı – 50 uyğur öldürüldü
Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsində 21 Sentyabrda meydana gələn qanlı hadisələrdə 50 adamın öldüyü açıqlanıb. YENİCAG.AZ xəbər verir ki, Çinin rəsmi xəbər agentliyi olan “Xinhua”, bazar günü Bayangolin elinə bağlı Bügür mahalında çıxan hadisələrdə 50 Uyğurun vurularaq öldürüldüyünü bildirib.
Qanlı hadisələrlə bağlı xəbəri dörd gün gecikdirəndən sonra verən rəsmi agentlik Çin terroruna haqq qazandıraraq, 6 vətəndaş və 4 polisin də həyatını itirdiyini ifadə edib.
Çin mediası, bazar ertəsi günü xəbərlərdə iki nəfərin öldürüldüyünü yazmışdı. Ancaq, “Azad Asiya” Radiosu, yerli mənbələrə əsaslanaraq öldürülən uyğur sayının onlarla olduğunu qeyd etmişdi. Çin mediasına görə, Sincan Uyğur Muxtar Bölgəsində bu il meydana gələn müxtəlif hadisələrdə öldürülən uyğurların sayı 250-dən çoxdur.
Bölgənin xarici dünya ilə əlaqəsinin olmaması səbəbindən nə qədər insanın öldürüldüyünə dair dəqiq məlumat almaq imkanı yoxdur. Xarici jurnalistlər ya da insan hüquqları müdafiəçiləri bölgəyə buraxılmırlar.