“Ölkədə siyasi-iqtisadi sabitlik, təhlükəsizlik də dünya miqyaslı COP29 tədbirinə ev sahibliyi etməyimizdə xüsusi rol oynayır”.
Bunu Yenicag.az-a açıqlamasında beynəlxalq iqlim tədbiri olan COP-29-un Azərbaycanda keçirilməsinin geosiyasi cəhətdən üstünlüklərindən danışan politoloq Rəfail Becanov deyib.
Onun sözlərinə görə, COP29-un Azərbaycanda keçirilməsi xüsusi tarixi əhəmiyyətə malik hadisələrdən biridir.
“Bu, həm Azərbaycan, həm də dünya üçün böyük əhəmiyyət daşıyır. Tədbirin keçirilməsi ilə bağlı qərarın ümumi razılıq, konsensus əsasında qəbul edildiyini nəzərə alsaq, bir daha Azərbaycanın beynəlxalq nüfuzunun hansı səviyyədə olmasının şahidi oluruq. Azərbaycan dünya miqyasında beynəlxalq nüfuza malik ölkələr sırasındadır. Ölkədə siyasi-iqtisadi sabitlik, təhlükəsizlik də dünya miqyaslı bir tədbirə ev sahibliyi etməyimizdə xüsusi rol oynayır. Eyni zamanda, bu, Azərbaycanın güclü diplomatiyasının bacarığı və etibarlı tərəfdaş olmasının nəticəsidir”, – deyə o qeyd edib.
R.Becanov əlavə edib ki, Azərbaycan bu gün dünyanın enerji təchizatçılarından biridir.
“Müharibələrin, toqquşmaların vüsət aldığı bir zamanda strateji siyasi bacarıqla bu qarşıdurmaların mərkəzinə, iştirakçısına çevrilməməklə xalqların, dövlətlərin enerji təchizatında əsas rol oynayır.
Təbii ki, COP29-dan danışdıqda əsas vurğulanan məsələ bu təbdirin ekoloji, iqtisadi, beynəlxalq əlaqələrin dərinləşməsi, innovasiya və texnologiyalarda qarşılqılı təcrübə mübadilələrinin genişlənməsindəki əhəmiyyətidir. Lakin bunun geosiyasi əhəmiyyəti də böyükdür.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub arasında bir körpü rolunu oynayır. Dünya ölkələrinin, xüsusən Avropanın enerji təchizatında əvəzedilməz rola malikdir. Transxəzər qaz kəməri ilə bağlı müzakirələr, TANAP-ın və TAP-ın genişləndirilməsi ilə bağlı məsləhətləşmələr bir daha göstərir ki, COP29 həm də böyük geosiyasi əhəmiyyətə malikdir”- deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az