"COVID-dən sonra hamı risk altındadır!" – Suçiçəyi sürətlə yayılır

media-hightechnic-468x90

Son günlər suçiçəyi xəstəliyinin yayılmasında artım müşahidə olunur. Mütəxəssislər bu tendensiyanı pandemiyadan sonrakı dövrdə əhalinin immun sisteminin zəifləməsi ilə əlaqələndirirlər.

media-banner_tkm

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında professor Adil Qeybulla deyib ki, son dövrdə müxtəlif yoluxucu xəstəliklərin ardıcıl şəkildə yayılması ümumi immun zəifliyinin göstəricisidir:

“Görünən odur ki, COVID-19 pandemiyasından sonra insanların immun sistemində müəyyən süstləşmələr və zəifləmələr baş verib. Bunun nəticəsi olaraq əvvəlcə qızılca hallarında artım müşahidə olundu, daha sonra qrip və müxtəlif respirator virus infeksiyaları geniş yayıldı. İndi isə suçiçəyinin yayılması bu prosesin davam etdiyini göstərir. Bu, o deməkdir ki, cəmiyyət olaraq immun baxımdan əvvəlki vəziyyətdə deyilik”.

Professor qeyd edib ki, suçiçəyi yüksək yoluxuculuğa malik xəstəliklər sırasındadır və xüsusilə qapalı mühitlərdə – məktəblərdə, uşaq bağçalarında, kollektivlərdə daha sürətlə yayılır:

“Xəstəlik hava-damcı yolu ilə ötürülür. Yoluxma çox asan baş verir və bir nəfərdən digərinə sürətlə keçə bilir. Adətən inkubasiya dövrü 10-14 gün çəkir. Bu müddətdən sonra xəstəlik özünü göstərir. Bədəndə yaranan səpkilər artıq aktiv yoluxdurucu mənbəyə çevrilir və bu mərhələdə xəstə ətrafdakılar üçün daha təhlükəli olur”.

Adil Qeybulla bildirib ki, xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər xüsusi əhəmiyyət daşıyır:

“Suçiçəyinə qarşı həm passiv, həm də aktiv immunizasiya üsulları mövcuddur. İmmunoqlobulin vasitəsilə passiv immunizasiya xüsusilə risk qrupunda olan şəxslər üçün tətbiq oluna bilər. Ən effektiv qorunma üsulu isə vaksinasiyadır. Peyvənd olunmayan şəxslərə tövsiyə olunur ki, bu imkandan yararlansınlar. Peyvənd olunan şəxslər xəstəliyi ya ümumiyyətlə keçirmir, ya da çox yüngül keçirir”.

Mütəxəssis əlavə edib ki, xəstəlik əksər hallarda yüngül keçsə də, bəzi hallarda ciddi fəsadlara səbəb ola bilər:

“Uşaqlarda suçiçəyi adətən yüngül formada keçir. Lakin yaşlı insanlarda, immun sistemi zəif olanlarda və bəzi gənclərdə xəstəlik daha ağır gediş ala bilər. Ağırlaşmalar arasında dəri infeksiyaları, ağciyər problemləri və digər sistemik fəsadlar da mümkündür. Bu səbəbdən xəstəliyə laqeyd yanaşmaq olmaz”.

Professor həmçinin xəstəliyin yayılmasının qarşısını almaq üçün karantin xarakterli davranışların vacibliyini vurğulayıb:

“Yoluxmuş şəxs mütləq izolyasiya olunmalıdır. Sağalana qədər yataq rejiminə əməl etməli, kollektiv mühitlərdən uzaq durmalıdır. Eyni zamanda bol maye qəbulu, düzgün qidalanma və həkim nəzarəti altında simptomatik müalicə çox önəmlidir. Özbaşına müalicə isə arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.

Sonda o, valideynlərə də müraciət edib:

“Xüsusilə uşaqlarda səpkilər və digər simptomlar müşahidə edilən kimi dərhal həkimə müraciət edilməlidir. Erkən diaqnostika və düzgün yanaşma həm xəstəliyin yüngül keçməsinə, həm də yayılmanın qarşısının alınmasına kömək edir”.

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05