Mirmahmud Mirəlioğlu: “Bu böyük bir müzakirə istəyən mövzudur”
Akif Nağı: “Ermənistandan qovulan soydaşlarımıza onlar hansı ststusu verəcəksə, Dağlıq Qarabağ ermənilərinə də o status veriləcək”
Əli Əliyev: “Müxtəlif bəyanatlarla deyil, real ölkə daxili vəziyyəti sabitləşdirmək, Dağlıq Qarabağ ətrafında vahid platforma əldə etmək və ordunu gücləndirməkdən başqa yolumuz yoxdur”
Elman Məmmədoov: “Bu muxtariyyət hüquqları Azərbaycan Konstitusiyasına və ölkəmizin ərazi bütövlüyünə əsaslanmalıdır”
Arif Hacılı: “Ermənilərə hər hansı bir əlahiddə hüquqların verilməsi Azərbaycan Konstitusiyasında nəzərdə tutulmur”
Etimad İsmayılov: “Mən bu məsələdə hansısa məmurun deyil, daha çox prezident İlham Əliyevin sözlərinə diqqət yetirilməsinin tərəfdarıyam”
Fazil Mustafa: “Dağlıq Qarabağın azadlığının real bir yolu qısamüddətli müharibədir”
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov mətbuata açıqlamasında bildirib ki, Bakı Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazırdır.
Görəsən, siyasi partiya rəhbərləri Z. Əsgərovun bu fikri barədə nə düşünürlər? Müxaliflər bu məsələdə hansı mövqenin tərəfdarıdırlar?
Yenicag.az-a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu məsələ barədə konkret danışmaqdan yayındı: “Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində yüksək status verilməsi məsələsi hələ Heydər Əliyevin vaxtında hakim fikirlərdən biri olub. Yəni bu fikrin müəllifi Ziyafət Əsgərov deyil, zaman-zaman deyilib bu barədə. Bu səbəbdən ona münasibət bildirməyə də ehtiyac yoxdur. Ona görə ki, bu bir kəlmə söz deyil ki, onun arxası var. Bu böyük bir müzakirə istəyən mövzudur. Hər kəs də bunu öz istədiyi kimi yozur”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bu qənaətdədir ki, Dağlıq Qarabağ ermənilərinə ancaq Ermənistandan qovulan soydaşlarımızın geri qaytarılaraq onlara veriləcək status səviyyəsində status verilə bilər: “Beynəlxalq təşkilatlar, ermənilərin himayədarlarının təzyiqi altında Dağlıq Qarabağdakı bir ovuc erməniyə yüksək muxtariyyət statusu və yaxud başqa ststus verilməsilə bağlı mövqe sərgiləmək düzgün deyil. Bu məsələnin mahiyyətini aradan qaldırır. Guya Dağlıq Qarabağdakı bir ovuc erməni hərəkata başlayıb, nəsə statuslarının artırılmasını istəyirlər. Amma əslində məsələnin mahiyyəti odur ki, Ermənistan Dağlıq Qarabağda yaşayan bir ovuc erməninin adından istifadə edib Azərbaycanın torpaqlarını işğal edib. Bu gün də status məsələsinin bizim tərəfdən qaldırılması ermənilərin dediyini dolayısı ilə təsdiqləməkdir. Onlara hər hansı bir statusun verilməsi müzakirəyə çıxarılmamalıdır. Azərbaycanın bu məsələdə mövqeyi qəti və konkret olmalıdır. Ən azından bu mərhələdə məsələ müzakirə olunmamalıdır. Hansısa mərhələdə status məsələsi müzakirə olunarsa, Azərbaycan birmənalı şəkildə Ermənistan deyilən ərazilərdən, Qərbi Azər baycandan zorla çıxarılan 250-300 min soydaşımızın öz yerlərinə qayıtması məsələsini qoymalıdır. Bu əsasda da Ermənistanda onlara hansı status veriləcəksə, Dağlıq Qarabağ ermənilərinə də o status veriləcək. Dağlıq Qarabağda real olaraq 50 min erməni yaşayır. Qərbi Azərbaycandan qovulanların sayı isə 250-300 mindir. Ona görə də biz ancaq məsələni bərəbərləşdirməklə güzəştə gedirik. Başqa şəkildə məsələ qoyulmamalıdır.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə bildirdi ki, onu Z. Əsgərovun sözügedən bəyanatı yox, rəsmi Bakının apardığı danışıqların gedişaatı maraqlandırır : “Biz ayrı-ayrı bəyanatlara yox, dah çox masa üzərində müzakirə olunan sənədlərə istinad etməliyik. Təbii Yeni Azərbaycan Partiyasının rəhbərliyində olan şəxslər daxili auditoriyaya hesablanmış təminatlar verə bilər. Lakin vasitəçilərin iştirakı ilə prezidentlərin görüşü zamanı tamamilə fərqli mənzərənin şahidi oluruq. İstər Kazan prinsipləri , istər Sankt-Peterburq görüşü, istər həmsədrlərin ərsəyə gətirdiyi Madrid prinsipləri olsun, hansı ki, Azərbaycan tərəfi razılıq verib, bu variantların hər biri faktiki olaraq hansısa müddətdən sonra referendum vasitəsilə Dağlıq Qarabağın müstəqilliyinin tanınması statusunun müəyyənləşməsi kimi bir nəticəni özündə ehtiva edir. Bu baxımdan məni Z. Əsgərovun bəyanatı yox, Azərbaycan hökumətinin rəsmi qaydada apardığı görüşlərin gedişaatı maraqlandırır. Son Sankt-Peterburq görüşü ilə mətbuata sızan informasiya ondan ibarət oldu ki, İlham Əliyev müvəqqəti keçid dövrü üçün Dağlıq Qarabağın aralıq statusunun Azərbaycan yuridiksiyasında saxlanılmasını xahiş edib. Lakin erməni tərəfi bununla razılaşmır. Ona görə də hazırkı danışıqların status-kvosu ölkəmizin xeyrinə deyil. Düzdür, aprel döyüşləri danışıqlarda vəziyyəti bir qədər dəyişə bildi. Lakin Moskvanın yenidən müdaxiləsi ilə Azərbaycan ordusunun hərəkəti durdurulduqdan sonra ermənilər yenə də həyasızlıq edirlər. Hətta onların indi səsləndirdikləri bəyanatlar apreldə itirdikləri torpaqların geri qaytarılması barədədir. Müxtəlif bəyanatlarla deyil, real ölkə daxili vəziyyəti sabitləşdirmək, Dağlıq Qarabağ ətrafında vahid platforma əldə etmək və ordunu gücləndirməkdən başqa yolumuz yoxdur”.
Milli Məclisin deputatı Elman Məmmədov vitse-spiker tərəfindən səslənən həmin fikrə həmfikir olduğunu diqqətə çatdırdı: “Dağlıq Qarabağ ermənilərinə Azərbaycan tərkibində yüksək statusun verilməsi fikri vaxtilə ulu öndər tərəfindən səsləndirilib. Prezident İlham Əliyev də həmişə danışıqlarda bu fikri bildirib. Z. Əsgərov da həmin fikirlərə əsaslanaraq bu sözləri səsləndirib. Həmişə danışıqlarda prosesində Azərbaycan prezidentlər səviyyəsində bu fikri bəyan edib ki, dünyada, beynəlxalq aləmdə muxtariyyət mövzusu ilə bağlı mövcud olan ən yüksək status səlahiyyəti nədən ibarətdirsə, Azərbaycan qanunçuluğu çərçivəsində və onun tabeliyində Dağlıq Qarabağa da həmin səlahiyyəti verə bilər. Dağlıq Qarabağda təkcə ermənilər yaşamayıb. Bu gün 20-30 nəfər tör-töküntü Qarabağ ermənisi olsa da, Dağlıq Qarabağ azərbaycanlılarının sayı 85 min nəfəri keçib. Təbii ki, bu muxtariyyət hüquqları Azərbaycan Konstitusiyasına və ölkəmizin ərazi bütövlüyünə əsaslanmalıdır. Bunu Azərbaycan həmişə bəyan edib”.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə qeyd etdi ki, ölkə Konstitusiyasında Dağlıq Qarabağ ermənilərinə əlahiddə hüquqların verilməsi nəzərdə tutulmayıb: “Azərbaycana aid olan məsələlər ölkəmizin Konstitusiyası və qanunlarına uyğun olaraq həll olunmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların hüquqları da Azərbaycan vətəndaşlarının hüquqlarına bərabər olmalıdır. Ermənilərə hər hansı bir əlahiddə hüquqların verilməsi Azərbaycan Konstitusiyasında nəzərdə tutulmur”.
Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov isə bildirdi ki, Ziyafət Əsgərovun mövqeyi əslində hakimiyyət daxilindəki qruplardan birinin mövqeyidir: “Biz bilirik ki, Azərbaycandakı hakimiyyət monolit deyil. İqtidarda məmur oliqarxlar və dünyanın güc mərkəzlərinə bağlı mənfəət qruplar var. Bu mənfəət qrupları da bağlı olduqları dövlətlərin maraqlarını qoruyurlar. Qarabağ məsələsində də xristian təəssübkeşliyi ilə birmənalı mövqe sərgiləyirlər. Şükür Allaha ki, bir az Türkiyəyə görə, oyunda dəyişiklik etmək olur. Elə bu ehtimala görə, milli maraqlardan çıxış edə biləcək millət vəkilləri, Sabir Rüstəmxanlı, İlyas İsmayılov, İqbal Ağazadə parlamentə buraxılmadılar. Yalnız müti partiya təmsilçilərinin Milli Məclisdə iştirakına etiraz edilmədi ki, istənilən qərara etiraz olmasın”. E.İsmayılov hesab edir ki, Ziyafət Əsgərovun bu açıqlaması geniş spektrdən baxsaq, əslində “diplomatik mövqelərin güclənməsinə xidmət edir”: “Yəni, bununla ermənilərə etiraz edəcək bir əsas saxlamırıq. Ancaq bir şeyi unutmamalıyıq ki, ermənilər hansısa statusa baxmırlar. Onlar xaricdəki görüşlərində bizimlə eyni ölkədə yaşamaq istəmədiklərini bildirirlər. Deyirlər ki, Azərbaycanda insan haqqları pozulur, daxildə birlik yoxdur, filan. Yəni, biz ermənilərə bu statusu təqdim etməzdən əvvəl öz daxilimizdə milli həmrəyliyə nail olmalıyıq və iqtidarlı-müxalifətli milli məsələlərdə yekdil mövqedən çıxış etməliyik. Bu məsələdə isə mən hansısa məmurun deyil, daha çox cənab prezident İlham Əliyevin sözlərinə diqqət yetirilməsinin tərəfdarıyam. Çünki prezident Qarabağ məsələsi ilə bağlı tarixdə şərəflə anılacaq addım atmaq istəyəcəkdir”.
Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hesab edir ki, “Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilməsi uzun illərdir Azərbaycan diplomatiyasında səsləndirilən fikirdir. Bu problemin sülh yolu ilə həlli üçün Azərbaycan tərəfinin edəcəyi ən son güzəşt sayılır. Digər etnik qrupların bundan narazı qalması üçün hansısa əsas yoxdur. Çünki bu muxtariyyət Sovet dövrünün mirasıdır və Azərbaycanda başqa xalqlar belə bir mirasa sahib olmayıblar. Ermənilər bundan sui-istifadə etdiklərinə görə, Azərbaycan tərəfi beynəlxalq gücləri neytrallaşdırmaq üçün bu təklifi hər dəfə təkrarlamağı zəruri hesab edir”. Bununla belə millət vəkili düşünür ki, “Dağlıq Qarabağın azadlığının real bir yolu qısamüddətli müharibədir. Partiya olaraq bu savaşa bütün cəmiyyətin hazırlaşmasını, yekunda uğur qazana biləcəyimizi düşünürəm”.
ELÇİN
www.yenicag.az