Daha bir avtomobil yolu yenidən qurulur
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Layihə mindən artıq sakinin yaşadığı iki yaşayış məntəqəsini əhatə edir.
Agentlikdən Yenicag.az-a verilən məlumata görə, uzunluğu 5,2 kilometr olan və çınqıl örtüyə malik mövcud yol xüsusilə payız-qış mövsümündə nəqliyyat vasitələrinin və piyadaların hərəkətində ciddi çətinliklər yaradırdı. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulması zəruri hesab olunub. Hazırda yol 4-cü və 5-ci texniki dərəcələrə uyğun olaraq təkmilləşdirilir, eni isə 10 metrədək genişləndirilir.
Layihə çərçivəsində torpaq işləri, qazma, əks-dolğu və yol yatağının tikintisi üzrə texnoloji ardıcıllığa əsaslanan işlər davam etdirilir. Eyni zamanda, suların ötürülməsini təmin etmək üçün mövcud dəmir-beton borular bərpa olunur, zəruri ərazilərdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır.
Bundan əlavə, layihənin birinci kilometrində yeni körpünün və ehtiyac duyulan sahələrdə istinad divarlarının tikintisi də nəzərdə tutulur.
Yenidənqurma işlərinin son mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi planlaşdırılır.
Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun şəkildə, təsdiqlənmiş iş qrafikinə əsasən və yüksək keyfiyyətlə həyata keçirilir.