“Ciddi məşvərət aparılmadan hər yerindən duranın belə bir ciddi məsələyə qoşulması yolverilməzdir”.
Bu fikirləri Qərbi Azərbaycan ideyası ətrafında yaranmış vəziyyəti dəyərləndirən sabiq təhsil naziri, professor Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu işdə ən azı dərin siyasi biliyi olan insanlarla məsləhətləşmək, daha sonra addım atmaq olar:
“Qarabağdakı proseslər fonunda İrəvan mahalı məsələsinin gündəmə gəlməsi təbiidir. O baxımdan, mətbuatda və sosial şəbəkələrdə tarixi İrəvan vilayətindəki yer adları və sonradan onların necə dəyişdirilməsi, Azərbaycan türklərinin həmin ərazilərdən deportasiya edilməsi, eyni zamanda, hazırda qaçqın sayılan o əhalinin yenidən öz ata yurdlarına qayıdışı haqqında yazıların getməsi normal haldır.
Bildiyiniz kimi, xüsusilə, son otuz ildə dünyaya gəlmiş gənc nəsil nümayəndələrinin sadaladığım o məsələlərdən, demək olar ki, məlumatı yoxdur, ya da çox azdır. Bu mənada gənclərin tarixi torpaqlarımızla bağlı bilgiləndirilməsinə ehtiyacın olduğunu deməliyik. Yəni bu məlumatlandırma işləri indi aparılmasa, müəyyən vaxtdan sonra problemə çevriləcək.
Ancaq haqqında danışdığım məsələ ilə yanaşı, bəzi xoşagəlməz halların da şahidi olururq. Bir müddət əvvəl “Göyçə-Zəngəzur respublikası” adlı bir qurum da yaradılmışdı. Türkiyədə o qurumun elan olunmasından sonra mən bunu ziyanlı tendensiya adlandıraraq, onun arxasında müəyyən məqsədlərin dayandığını demişdim. Daha sonra həmin “respublika”nı yaradanların kürd qrupları ilə əlaqələrinin olduğu da üzə çıxdı.
Ona görə də ciddi məşvərət aparılmadan hər yerindən duranın belə bir ciddi məsələyə qoşulması yolverilməzdir. Bu işdə ən azı dərin siyasi biliyi olan insanlarla məsləhətləşmək, daha sonra addım atmaq olar”.
A.Zeynalov
www.yenicag.az