“Naxçıvan Turizm” MMC ilə “AZSTUDİA” şirkəti arasında qalmaqal yaşanıb.
Yenicag.az xəbər verir ki, qalmaqala səbəb “AZSTUDİA” şirkətinin qarşı tərəfə olan borcudur.
Məsələ burasındadır ki, “AZSTUDİA”nın təşkilatçılığı ilə cari ilin mart ayının 15-də Rusiyanın paytaxtı Moskvada yerləşən “Crocus City Hall”da “Biz bir millət, iki dövlətik” adlı konsert təşkil olunub. Sözügedən konsertə Azərbaycanla yanaşı, Türkiyənin məşhur müğənniləri dəvət olunub. Bundan 6 gün sonra isə “AZSTUDİA” azərbaycanlı müğənnilərin iştirakı ilə “Triumph Event Hall”da daha bir konsert təşkil edib.
Konsertlərdə iştirak edənlər arasında Damla, Şəbnəm Tovuzlu, Vasif Əzimov, Pərviz Bülbülə, Türkan Vəlizadə, Samirə Əfəndi, Çingiz Mustafayev, Yaşar Yusub, Sevil və Sevinc bacıları, Cavid Gül, “DJ Roşka”, aparıcı Zaur Nəbioğlu kimi şou-biznes nümayəndələri olub. Türkiyəni isə İsmayıl YK, İlyas Yalçıntaş, Yusuf Güney, Adil Karaca, Banu Parlak təmsil edib.
Konsertdən öncə “AZSTUDİA” “Naxçıvan Turizm” MMC-yə müraciət ünvanlayaraq, Azərbaycandan olan şou-biznes nümayəndələrinin təyyarə biletlərini sifariş edib. Tərəflər arasında razılaşmaya əsasən, konsertin təşkilatçısı olan “AZSTUDİA” qısa müddət ərzində sifariş olunan biletlərin pullarını ödəməliydi. Lakin həmin sövdələşmənin üzərindən 9 ay keçməsinə baxmayaraq, qarşı tərəf turizm şirkətinə qalıq borc olan 12 min manatı ödəməkdən boyun qaçırır.
“Naxçıvan Turizm” MMC-dən verilən məlumata görə, borcun ödənilməsi üçün “AZSTUDİA”nın direktoru olan Samirə Zeynalovaya olan müraciətlər cavabsız qalıb.
Sifariş olunan təyyarə biletlərinin pulunu tələb edən “Naxçıvan Turizm” MMC artıq konsertdə iştirak edən Azərbaycandan olan şou-biznes nümayəndələrinə borcların ödənilməsi üçün xəbərdarlıq məktubu göndərib.
Məsələ ilə bağlı qarşı tərəflə də əlaqə saxladıq. Samirə Zeynalova “Naxçıvan Turizm” MMC-yə borcu olduğunu inkar etmədi: “Şirkətimizin “Naxçıvan Turizm” MMC-yə borcu var. Biz bunu öz aramızda həll edirik. Şirkətimiz hərtərəfli onların şikayətinə cavab verir. Onlara 7 min manat borcumuz qalıb. Elə bir şirkət yoxdur ki, onun verəcəyi, alacağı olmasın. Bizə “Naxçıvan Turizm” MMC-dən rəsmi müraciət daxil olmayıb. Yaxın müddət ərzində borcun qalan hissəsini də ödəyəcəyik”.
Samirə Zeynalovadan sonra yenidən “Naxçıvan Turizm”lə əlaqə saxladıq. Şirkət bir daha bəyan etdi ki, “AZSTUDİA”nın direktorunun verdiyi açıqlamanın heç bir əsası yoxdur: “Samirə Zeynalovanın bizə 7 min deyil, 12 min manat borcu var. Biz dəfələrlə həmin şəxsə borcun ödənilməsinə dair müraciət etmişik. Bununla bağlı əlimizdə yetərincə yazışmalar var. O, hər dəfə müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən boyun qaçırır”.
Emin Səfərov
www.yenicag.az