Davam edən ATƏŞKƏS: ABŞ ilə İran ciddi müharibəyə hazırlıq görür?
“ABŞ-İran arasında atəşkəs dövrü həm də hər iki tərəfdən növbəti eskalasiyaya hazırlıq dönəmi kimi görünür”.
Bunu Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.
Onun fikrincə, bölgəyə ABŞ tərəfindən yeni hərbi qüvvələr cəlb edilir, İran isə Rusiya və Çindən müasir silahlar alır:
“Bura xüsusilə müasir hava hücumundan müdafiə sistemləri daxildir. Bu da onu deməyə əsas verir ki, tərəflər nəinki diplomatik masanın nəticə verəcəyinə inanır, əksinə, atəşkəsdən istifadə edərək növbəti eskalasiyaya hazırlıq görürlər”.
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, ABŞ-nin Hörmüz boğazını minalardan təmziləmə cəhdləri də İrana quru hücumu üçün zəmin yaradılması kimi xarakterizə edilə bilər:
“Yəni tərəflər istər diplomatik, istərsə də hərbi qarşıdurmadan qazanclı çıxmanın yollarını axtarırlar. Reallıq ondan ibarətdir ki, İran ciddi itkilər versə də, müharibə ABŞ-nin maraqlarına ciddi zərbə vurub. İstər atəşkəs, istərsə də eskalasiya ABŞ hökuməti üçün çıxış yolu deyil. Vaşinqtonun addım və təşəbbüslərinin beynəlxalq dəstək qazanmaması isə ABŞ-nin imicinə ciddi zərər verir”.
Nurlan Cəfəri













