“Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Oxçuçay üçün hərəkətə keç” devizi altında “Beynəlxalq sosial mediada Oxçuçay mövzusunda kampaniyanın keçirilməsi” adlı layihə həyata keçirir.
Layihə Oxçuçayın Ermənistan tərəfindən davamlı çirkləndirilməsini və təxirəsalınmaz tədbirlərin görülməli olduğunu sosial media vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmağı hədəfləyir.
Layihənin ilkin mərhələsində sosial media platformalarında ictimai elan verildikdən sonra müraciət edən gənclərdən ibarət 30 nəfərlik qrupların formalaşdırılmasına başlanıb.
Daha sonra formalaşdırılan 10 qrupun hər birində təmsil olunan 30 gənc “Twitter” sosial media platformasından effektiv istifadə edilməsi və bu sahədə praktik bacarıqların artırılması ilə bağlı təlimlərə cəlb olunublar.
Baş tutan təlimlərdə həmçinin Oxçuçayda baş verən ekoloji böhran, mövcud kritik vəziyyət və çayın Ermənistan tərəfindən davamlı çirkləndirilməsinin fəsadları, o cümlədən bu ekoloji terrorun qarşısının alınmasının vacibliyi və “Twitter” vasitəsilə effektiv işıqlandırılmasının yolları barədə ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.
Təlimlərə paralel layihənin ikinci mərhələsinin icrasına başlanıb. Kampaniya çərçivəsində sosial mediada istifadə olunacaq post və kontentlərin generasiyası prosesinə start verilərək qısa müddətdə uğurla tamamlanıb. Oxçuçaydakı ekoloji balansın pozulması ilə bağlı laborator nəticələrin və xüsusi fotoşəkillərin əks olunduğu postlar yüksək peşəkarlıqla dizayn edilib və rus, ingilis dillərinə tərcümə olunub.
Kampaniyada kütləviliyin təmin edilməsi üçün “Oxçuçayda törədilən ekoloji terror ilə bağlı məlumatlandırıcı material” adlı Azərbaycan, rus və ingilis dillərində hazırlanan buklet çap olunub və Gənclər Hərəkatının struktur vahidləri, ali təhsil müəssisələri, Gənclər Evləri şəbəkəsində paylanıb.
www.yenicag.az