DAVAMLI SİYASƏTİN TƏNTƏNƏSİ: Azərbaycançılıq ideyası Vətən Müharibəsi qələbəsinin əsasını qoydu
Azərbaycançılıq ideologiyası xalqımızın milli kimliyini, dövlətçiliyimizi və mənəvi dəyərlərimizi qoruyan əsas ideoloji dayaqlardan biridir. Bu ideologiya əsrlər boyu formalaşmış milli-mənəvi irsimizi müasir dövrün çağırışları ilə birləşdirərək həm milli birliyi, həm də sosial həmrəyliyi təmin edir.
Mövzu ilə bağlı Yenicag.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, azərbaycançılıq ideologiyasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün cənab Prezident tərəfindən uğurla davam etdirilir.

“Bu gün ölkəmizdə bu sahədə gənclərin doğru istiqamətdə yetişməsi üçü
n müxtəlif layihələr reallaşdırılır, tədbirlər təşkil olunur. Qarşımızda duran ən mühüm vəzifələrdən biri azərbaycançılıq ideologiyasının təbliğidir və bu istiqamətdə gənclər arasında fəal iş aparılmasıdır. Bu mənada demək olar ki, ölkəmizdə çox böyük işlər görülür.”
Ceyhun Məmmədov qeyd edib ki, azərbaycançılıq ideyalarının gənclər arasında təbliğində əsas məsuliyyət təhsil ocaqlarının üzərinə düşür:
“Bu istiqamətdə ali və orta təhsil müəssisələrinin, məktəblərin üzərinə böyük məsuliyyət düşür. Dövlət bu sahədə il ərzində davamlı olaraq layihələr və proqramlar həyata keçirir”.
Deputatın sözlərinə görə, bölgələrdə də azərbaycançılıq ideologiyasının təbliği istiqamətində fəaliyyətlər daha da genişləndirilməlidir:
“Düşünürəm ki, bölgələrdə bu istiqamətdə daha çox görüşlər, tədbirlər və maarifləndirici proqramlar təşkil edilməlidir. Klublarda, gənclər mərkəzlərində bu ideyanın aşılanmasına xüsusi diqqət yetirilməlidir. Əsas gücü bölgələrdəki gənclərin bu ruhda yetişməsinə və tərbiyə almasına yönəltməliyik”.
Ceyhun Məmmədov vurğulayıb ki, azərbaycançılıq ideologiyası dövlətin əsas ideya dayağı kimi gənc nəslin formalaşmasında mühüm rol oynayır:
“Biz gənclərin bu ruhda formalaşmasına, bu dəyərlərlə böyüməsinə və dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etməsinə öz töhfəmizi verməliyik. Bu istiqamətdə sistemli və ardıcıl addımlar atmaqla azərbaycançılıq ruhunda yetişən gənc nəsli formalaşdıra bilərik”.
Azərbaycançılıq ideologiyasının müəllifi ulu öndər Heydər Əliyevdir. Onun əsasını və bünövrəsini qoyduğu bu ideologiya ölkəmizə böyük uğurlar qazandırıb, milli birliyimizin və müstəqil dövlətçiliyimizin möhkəmlənməsində həlledici rol oynayıb.
Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, azərbaycançılıq ideologiyası ölkə daxilində milli, etnik və dini zəmində formalaşdırılmaq istənilən separatçı meyllərin qarşısını alıb, xalqı vahid ideya ətrafında birləşdirib:

“Heydər Əliyevin əsasını, bünövrəsini qoyduğu bu ideologiya ölkəmizdə bir sıra mühüm uğurlar qazandırıb. Torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında azərbaycançılıq məfkurəsi, düşünürəm ki, həlledici rol oynadı. Çünki müəyyən dövrlərdə ölkəmizdə milli, etnik, dini müstəvidə separatçı meyllər formalaşdırmaq istəyirdilər, ölkəni bir neçə yerə bölmək niyyətləri var idi. Lakin məhz azərbaycançılıq ideologiyasının təşəkkül tapması bu planların qarşısını aldı”.
Politoloq hesab edir ki, azərbaycançılıq ideologiyası xalqın milli birliyini təmin edərək, onu dövlətçilik və azadlıq ideyası ətrafında səfərbər edib:
“Bu ideologiyanın formalaşması nəticəsində ölkəmizdə birlik, vahid mərkəzləşmə və milli ideya ətrafında xalqın səfərbərliyi meydana gəldi. Bu milli birliyimiz sonradan Vətən müharibəsində “Dəmir yumruğa” çevrildi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra istiqamətlərdə böyük uğurlar əldə olundu”.
İlyas Hüseynov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursu və azərbaycançılıq ideologiyası Azərbaycanın bugünkü gücünün təməlini təşkil edir:
“Uğurlu neft diplomatiyası, enerji strategiyası və iqtisadi dividendlər bizə müstəqil siyasət yürütmək imkanı verdi. Bunun sayəsində güclü orduya sahib olduq, müasir silah, sursat və texnologiyalar əldə etdik. 44 günlük Vətən müharibəsində, eləcə də lokal antiterror əməliyyatında düşmən darmadağın edildi, torpaqlar işğaldan azad olundu”.
Politoloqun sözlərinə görə, azərbaycançılıq ideologiyası bu gün də ölkənin inkişafına və xalqın rifahına xidmət edir:
“Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, azad edilmiş ərazilərin bərpası və dirçəldilməsi uğurlu siyasətin nəticəsidir. Biz həm ölkəmizi parçalanmadan qoruduq, həm tarixi qələbə qazandıq, həm də gələcək nailiyyətlər üçün möhkəm təməl yaratdıq”.
Politoloq sonda əlavə edib ki, Heydər Əliyevin ideoloji irsi olan azərbaycançılıq gələcək nəsillər üçün də milli kimliyimizin və dövlət müstəqilliyimizin ən güclü dayağı olaraq qalacaq:
“Azərbaycançılıq ideologiyası bu gün də dövlətimizin ideoloji sütunu kimi milli həmrəyliyi, gücü və müstəqilliyi qoruyur”.

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.
Məsimə Məmmədova












