“Davud dəhlizi” PLANI: İsrail Yaxın Şərqdə yeni sərhədləri CIZIR?
“İsrailin həm strateji, həm də taktiki planları mövcuddur. Strateji proqramlar, əsasən, dövlətin qurulma ideologiyasına əsaslanır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi İsrailin “Davud dəhlizi” qurmaq planlarının arxasında dayanan səbəbləri izah edib.
Onun sözlərinə görə, bu ideoloji əsas İsrailin öz mövcudluğunu qorumaqla yanaşı, coğrafi və demoqrafik olaraq genişlənmək niyyətini də gizlətmir:
“İsrail dövləti təsis olunduğu gündən bəri “aliyah” (yəni yəhudilərin dünyanın müxtəlif yerlərindən geri dönüşü – repatriasiyası) siyasətini təşviq edir və bu məqsədlə əhali sayını artırmaq, ərazisini genişləndirmək və təsir dairəsini gücləndirmək üçün müxtəlif proqramlar həyata keçirir. Taktiki planlar isə daha çox regional böhranlardan və geosiyasi fürsətlərdən istifadə etməyə yönəlib”.
“Yaxın Şərqdəki dövlətlərin siyasi və sosial böhran içində olması İsrailə bu fürsətləri dəyərləndirməyə imkan yaradır. Məsələn, bəzi beynəlxalq aktorlar tərəfindən dəstəklənən layihələr və bölgədəki reallıqları dəyişən təsirlər, o cümlədən “Davud dəhlizi” kimi yeni sərhəd modelləri və xəritələr Yaxın Şərqin gələcəyi ilə bağlı strateji hesablama və planlamalara yol açır. Bu baxımdan, Təl-Əviv hökuməti qeyd edilən qüvvələrdən istifadə edə bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov