Daxili bazarın “saxta qızıl” bəlası
Vüqar Bayramov: “Dövlət Xidmətinin apardığı yoxlamalar saxta qızıl problemini həll etmir”
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti 2014-cü ilin aprel ayı ərzində vətəndaşlardan daxil olmuş konkret faktlar əsasında, eləcə də “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə Gədəbəy və Ağcabədi şəhərlərində fəaliyyət göstərən 2 sahibkara məxsus obyektlərdə yoxlama aparıb.
Xidmətdən verilən məlumata görə, keçirilən əyar nəzarəti tədbirləri zamanı obyektlərdə dövlət əyar damğası ilə damğalanmayan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış 415 zərgərlik məmulatı aşkar edilib.
Həmin məmulatlar ekspertiza, analiz və əyarlanma prosedurlarından keçirilib, dövlət əyar damğası ilə damğalanıb və 4 min 150 manat dövlət rüsumunun ödənməsi təmin edilib.
Aşkarlanmış nöqsanlarla əlaqədar həmin sahibkarlara inzibati xəta protokolları tərtib edilib, inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında qərarlar çıxarılıb və 1 600 manat məbləğində cərimə tətbiq edilib.
Xidmət bildirir ki, 2014-cü ilin 4 ayı ərzində yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 14 qərar çıxarılıb, ümumilikdə 11 min 200 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2014-cü ilin 4 ayı ərzində 433 min 772 manat dövlət rüsumunun ödənilməsi təmin edilib.
Beş il əvvəl başladı
Azərbaycanda qızıl hasilatına təxminən 5 il bundan əvvəl başlanıb. Böyük Britaniyanın “Anglo-Asian Mining plc.” şirkəti “Gədəbəy” yatağı da daxil olmaqla Azərbaycanın 6 qızıl yatağının işlənməsini həyata keçirir. Artıq “Gədəbəy” yatağının istismarı nəticəsində əmtəəlik qızıl əldə edilib və bu qızıl “Ayrım” brendi ilə beynəlxalq bazara ixrac edilir.
Qeyd edək ki, şirkət “Gədəbəy” yatağında qızıl hasilatı üzrə layihədə 51 faiz, Azərbaycan tərəfi isə 49 faiz paya sahibdir. Layihəyə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti (ABMƏŞ) rəhbərlik edir. Hazırda ən perspektivli “Gədəbəy” yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatı olduğu güman edilir. Gümüş və misi nəzərə almasaq, Gədəbəy yatağından təkcə qızıla görə 710 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir.
Hazırda dünya bazarında bir unsiya qızıl təqribən 1 251,00 dollara bərabərdir.
Sonuncu məlumata görə, bu yatağın şimal hissəsində 3000 metr dərinlikdə aparılan qazıntı işləri nəticəsində yeni qızıl ehtiyatları aşkarlanıb. Şirkətin icraçı direktoru Rza Vəziri bildirib ki, aşkarlanmış ehtiyatlar “Gədəbəy”in daha geniş minerallaşma sisteminin bir parçası olduğu nəzəriyyəsini təsdiqləyir.
Onun sözlərinə görə, yeni mədəninin qızıl tərkibinin yoxlanması üçün gələn ay daha iki quyunun qazılması planlaşdırılır: “Aşkar edilmiş ehtiyatların tam həcmi bəlli olmasa da, 2014-cü ildə həyata keçiriləcək tədqiqat işləri “Gədəbəy”də əlavə ehtiyatların həcmini müəyyən edəcək”.
Bu xəbərdən sonra “Anglo-Asian Mining” şirkətinin səhmləri 5,11 faiz bahalaşıb. Hazırda ölkə ərazisində onlarla qızıl yatağı işlənməkdədir və getdikcə istehsal artır. Qızıl zavodunda emal olunan xammal sonradan İsveçə göndərilir və orada təkrar emalla külçə formasına salınaraq Avropa bazarlarına çıxarılır.
Kimin qızılı çoxdur?
Qızıl bütün dövrlərdə ən etibarlı yatırım vasitəsi olaraq investorlaraın diqqətini cəlb edib. Qiymətində sürətli qalxma və enmələr müşahidə olunsa da, bu metal həm yatırım vasitəsi, həm də sərfəli daşınan əmlak olaraq öz etibarlılığını qoruyub saxlaya bilib.
Elə bu səbəbdəndir ki, bir çox ölkələr dünyanın ən çox qızıl ehtiyatlarına malik dövlətlər sırasına daxil olmağa can atır. Bu təbii ehtiyata ən çox malik olan 10 ölkənin adı son məlumatlara görə belə sıralanır.
Siyahıya görə dünyada ən çox qızıl ehtiyatı olan ölkə ABŞ-dır. Onun qızıl ehtiyatları 8,133.5 ton miqdarındadır. İkinci yerdə ABŞ-dan 2 dəfədən az ehtiyata malik Almaniya dayanır. Onun qızıl ehtiyatları 3,387.1 ton hesablanır.
Üçüncü ölkə olan İtaliyanın isə qızıl ehtiyatları 2,451.8 ton həcmindədir. Fransanın qızılı 2,435.4 tondur. Beşinci sırada 1,054.1 ton qızılla Çindir. Növbəti ölkə İsveçrənin qızıl ehtiyatları 1,040.1 ton hesab olunur. Rusiyanın isə ehtiyatları 1,015.1 tondur.
Yaponiyanın qızıl ehtiyatları 765.2 ton qiymətləndirilir. Növbəti ölkələr isə 612.5 tonla Hollandiya və 557.7 ton ehtiyatla Hindistan qərarlaşıb.
“Gold Standart İnstitute”nin məlumatına görə, dünyada qızıl ehtiyatları 2,5 milyon tondur. Amma etiraf olunur ki, bunun birbaşa sübutu yoxdur və dünyada nə qədər qızıl ehtiyatının olduğunu heç kəs dəqiq söyləyə bilməz.
Qızılı dəyərli edən faktor
Azərbaycan qızıl hasil edən ölkədir, çıxarılan qızıl xaricdə emal edilir. Ölkəyə idxal olunan qızıl əsasən Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən gətirilir.
Hazırda qızılın 1 unsiyasının (1 unsiya 31,1 qramdır) qiyməti 1289 dollardır. Tarixi və mental faktorlarını nəzərə alsaq, qızıl Azərbaycanda hələ də əsas yığım vəsaitidir və bu, tələbin qorunub saxlanmasına xidmət edir. Mütəxəssislər də hesab edirlər ki, qızıla vəsait qoymaq gəlirlilik baxımından daşınmaz əmlaka vəsait yatırmaqdan daha riskli olsa da, başqa nüanslar qızılı daha etibarlı edir. Yəni, qızıldan fərqli olaraq daşınmaz əmlakın qiymətində kəskin düşmə və eyni zamanda da yüksəliş baş vermir.
Eyni zamanda qızıldan fərqli olaraq, daşınmaz əmlakı kirayəyə verməklə əlavə qazanc əldə etmək imkanı üstünlük kimi qiymətləndirilir. Qızılın əsas üstünlüklərinə gəldikdə, qeyd etmək yerinə düşər ki, bu qiymətli metalı daha tez pula çevirmək olur. Yəni, qızılı qısa müddət ərzində alıb-satmaq mümkün olduğu üçün qiymət dəyişmələrindən maksimum faydalanmaq mümkündür. Təbii fəlakətlər, qəzalar, yanğınlar və bu kimi digər hallarda qızıl daşınmaz əmlakdan daha etibarlıdır.
Daxili bazarın “saxta qızıl” bəlası
Məlum faktdır ki, daxili bazar “saxta qızıl” problemindən əziyyət çəkir. Ölkənin qızıl bazarında monitorinq keçirmək səlahiyyəti Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətindədir. Qurum isə satılan zərgərlik məmulatının hamısını əyar yoxlamasından keçirə bilmir. Nəticədə minlərlə alıcı aldadılır və sonra dəyən zərəri onlara heç kim ödəmir. Ötən il alıcılara təklif edilən həmin zərgərlik məmulatlarının 46 faizinin əyarlarının məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib. Saxta qızıl və əyarı düzgün qeyd olunmayan qızıl məmulatlarının daha çox kiçik sahibkarlıq subyektlərində aşkarlandığı deyilir. Damğalanma prosesi də məhz belə sexlərdə aparılır.
Yeri gəlmişkən, Dövlət Xidmətinin damğaladığı zinət əşyalarının üzərində aypara və səkkizguşəli ulduz həkk olunur. Əksər insanlar bundan xəbərsiz olduqlarını deyirlər və üzərində bu cür möhür olan məmulata rast gəlmədiklərini bildirirlər. Zinət əşyaları üçün əyar damğalarına gəlincə, bunlar 375, 500, 583, 585, 750 və 958-dir. Əhali arasında tələbat daha çox 585 və 750 əyarlı qızıldan hazırlanmış məmulatlaradır.
Ya nəzarət gücləndirilməli, ya da qanunvericilik dəyişməlidir
Hazırda ölkədə qızıl istehsal edən 170-dən artıq müəssisə qeydiyyatdan keçib, yüzlərlə belə sexin isə qeyri-rəsmi fəaliyyət göstərdiyi bildirilir. Lisenziyasız fəaliyyət göstərən satış məntəqələrinin sayının çox olması saxta qızıl probleminin həllini qeyri-mümkün edir. İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, bu səbəbdən bazarda olan saxta qızılların bir qismi aşkar edilsə də, böyük bir hissəsi aşkar olunmamış qalır: “Təkcə ötən il ərzində 15 mindən artıq damğası olmayan məhsul aşkar edilib. İl ərzində 100-ə yaxın qızıl satışı ilə məşğul olan sahibkarın lisenziyası ləğv edilib. Amma bunlar saxta qızıl problemini həll etmir. Bütün hallarda Dövlət Xidməti saxta qızılların satışdan yığışdırılması üçün mübarizəni gücləndirməlidir. Məsələn, ölkədə qızıl satışı ilə mərkəzləşdirilmiş qaydada məşğul olan satılan mərkəzlər elə də çox deyil. Həmin mərkəzlərdə xüsusi yoxlama məntəqələri yaratmaqla problemi həll etmək olar”.
Ekspert bunun həm də Nazirlər Kabinetinin məlum qərarına da zidd olmadan problemin həllini asanlaşdıracağını deyir: “Ölkə qanunvericiliyinə görə, qızıl və qızıl məmulatları alındıqdan sonra geri qaytarılmayan mallar siyahısındadır. Düşünürəm ki, bu qərarın dəyişdirilməsinə ehtiyac var”.
Vüqar Bayramovun sözlərinə görə, bəzi hallarda xidmət əməkdaşları sahibkarlardan qeyri-rəsmi ödəniş almaqla məhsulu yoxlamadan əyar damğası vururlar. Bu zaman xidmət əməkdaşlarının da üzərinə böyük məsuliyyət düşür. Odur ki, birmənalı şəkildə cəza tədbirləri gücləndirilməli, ya da qanunvericiliyə dəyişikllik edilməlidir.
“Reydlərin arxasında pul dayanır”
Qızıl biznesi ilə məşğul olan Seyfəddin Quliyev Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin keçirdiyi yoxlamaların saxta qızılları ayırd etmək məqsədi daşımadığını deyir. Baxmayaraq ki, qurum üzərində onlara məxsus damğa olmayan məhsulların saxtalığı barədə dəfələrlə açıqlama verib: “Milli əyarın vurulması üçün hər məmulata görə 10 manat alırlar. Lakin 2 manata rəsmiləşdirirlər. Mən uşaq sırğasını 10 manata alıram. 10 manat da dövlət əyarı üçün verirəm. Bəs onda özümə nə qalsın? Burada dövlət vergisindən də yayınma var. Əgər kimsə bu pulu verməkdən imtina edirsə, onun satdığı qızıl “saxta” hesab olunur”.
Zərgər deyir ki, Azərbaycanda satılan qızıl məmulatlarının əksəriyyəti xaricdən idxal olunur. Həmin məmulatların hamısına gətirildiyi ölkənin əyarı vurulub. Lakin Əyar Palatası milli əyardan başqa heç bir əyarı qəbul etmir: “Əgər qızıl saxtadırsa, onda idxalına niyə qadağa qoymurlar?”
Seyfəddin Quliyevin sözlərinə görə, alıcılar aldanmamaq üçün qızıl alarkən ilk növbədə əyara baxmalıdır: “Yüksək əyarlı qızılların tərkibində təmiz qızıl çoxdur. Ən yaxşı qızıl əyarı 750-dir. Bu o deməkdir ki, aldığınız qızıl məmulatının 75 faizi təmiz qızıldır. Qızılda brilliant daş da əsasdır. İlk növbədə daş ağ və təmiz olmalıdır. Daşın zərində heç bir ləkə olmamalı, sarımtıl rəngə çalmamalıdır”.
Mal alarkən sertifikat tələb olunmasına gəlincə, zərgər bildirdi ki, saxta mala sertifikat düzəltmək çox asandır: “Sertifikat düzəldən aparatlar 500-1000 manatdır. İstənilən qızıl məmulatı satışı ilə məşğul olan sahibkar həmin aparatdan alıb yanına qoya və gümüş alana da aldığı malın qızıl olması barədə sertifikat verə bilər(”teleqraf.com).