Bu gün Azərbaycan radiosunun yaranmasının 91 illiyi qeyd edilir. Düz 91 il bundan əvvəl Bakının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də qulaq asa bilirdilər. Bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Elə həmin gündən radionun sevilən diktorları dinləyiciləri öz səslərinin sehrinə salar, onları sanki başqa bir aləmə aparardılar.
Bu gün – Azərbaycan radiosunun 91-ci ilində radionun ilk rəsmi diktoru olan Natəvan Hacıyeva həmin günləri Yenicag.az-da belə xatırlayır:
– Mən radioya gələndə çox gənc bir qız idim. Bir gün eşitdim ki, radioda müsabiqə elan olunub. Seçiləcəyimə əmin idim. 170 nəfər arasından sonuncu tura qalanlar arasında mən də vardım. Axırda studiyaya aparıb, mənə bir mətn verdilər. Oxudum, bəyəndilər. Dedilər ki, hamı getsin, Natavandan başqa… İnanın, o həyəcanım indi də yadımdadır.
Az. TV-nin ilk sədri Teymur Əliyev mənə 1 ay sınaq müddəti verdi. Və mən fəxr edirəm ki, Azərbaycanın ilk rəsmi diktoru kimi radionun tarixinə düşmüşəm. Bu barədə mənim əmək kitabçamda da yazılıb. Radio mənim evim olub. Hər dəfə efirə çıxanda elə bilirdim ki, məni hamı görür, yanaqlarım qızarırdı, sonra özümü toplayır, mətni oxuyurdum.
– Efir vaxtı başınıza gələn maraqlı hadisələr çox olar yəqin…
– O qədər… O hadisələri saymaqla bitməz. Sizə ən maraqlılarını danışacam. Demək, 1980-ci il, dekabr ayı idi. Bizim radiodan 2 nəfər – mən və redaktorumuz Aşqabad televiziyasına ezam olunmuşduq. Ayın 11-də Aşqabad-Bakı arasında telekörpü yaradılacaq, canlı yayım olacaqdı. Demək, yayım başladı. Söhbətin şirin yerində bir də gördüm ki, studiya silkələnir. Hamı “zəlzələ” deyib, çölə qaçdı. Təsəvvür edin, qorxudan ayaqlarım necə tutuldusa yerimdən tərpənə bilmədim. Hər yer toz-duman içində idi. Yaxşı ki, o işıqlardan biri qırılıb başıma düşmədi, yoxsa elə yerimdəcə qalacaqdım.
Bir dəfə də, səhv etmirəmsə, 1982-ci il idi. Moskvada idik. Efirə çıxacaqdım. Bir saat əvvəldən bəzənib-düzəndim, gəldim “Ostankinoya”… Efir rejissoru dedi ki, səni buraxa bilmərik. Səbəbini də belə izah etdilər: Azərbaycanı təmsil edən diktor sarısaçlı ola bilməz. Necə ola bilməz? Təsəvvür edin, indi az qalıram ağlayım. Bir saatdan sonra birbaşa yayımdır. Özü də o cür mötəbər bir işi mənə həvalə ediblər. Dedilər, ya efirə çıxmayacaqsan, ya da saçlarının rəngini dəyişəcəksən. Razılaşmaqdan başqa çarəm yox idi. 45 dəqiqənin içində elə qrim otağındaca saçlarımın rəngini qaraya boyadılar. Həmin gün məni efirdə görənlər şoka düşmüşdülər. Ömür boyu sarısaç olan Natəvanı bir saatın içində dəyişdirib qarasaç etdilər. Mən buna Azərbaycanı sevdiyimə görə razılıq verdim.
Çünki başqa vaxt heç kim bu cürəti edə bilməzdi.
– Bütün ömrü efirdə keçmiş bir insan bu gün evdə darıxar yəqin…
– Darıxmağa imkan vermirlər ki… Sizin kimi gözəl jurnalistlər, dostlar məni darıxmağa qoymur. Zəng edirlər, müsahibə götürür, efirə çağırırlar. Bax, indi sizinlə danışa-danışa geyinirəm. Efirə dəvət ediblər. Sizin diqqətiniz olmasa, ölərəm. Mən hər gün səhər yuxudan duran kimi geyinib-bəzənirəm. Görən olsa elə bilər ki, bu dəqiqə harasa gedirəm. Amma yox… Bilirsiz niyə elə edirəm? Fikirləşirəm ki, birdən qapım döyülər, ya işıqçı, ya qonşu olar… qoy deməsinlər ki, Azərbaycanın diktoru Natəvan Hacıyeva evdə pis gündə gəzir. İstəyirəm, hamı məni elə tanıdığı kimi – bəzəkli, düzəkli, baxımlı qadın kimi xatırlasın. Öləndə də elə bəzəkli olum. Heç kim məni pis halda görməsin.
www.yenicag.az