Dəhşətli terrordan 21 il keçir-Video
Terrordan əziyyət çəkən ölkələrdən biri də Azərbaycan olub. Biz dəfələrlə Ermənistanın xüsusi xidmət orqanlarının hazırladığı terrorlarla üz-üzə qalmışıq.
Bakı metrosunun “20 Yanvar” stansiyasında qatarda törədilən terror hadisəsindən 21 il ötür.1994-cü ilin 19 martında qatar stansiyada olarkən, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşür. Partlayış nəticəsində 14 nəfər həlak olur, 49 nəfər isə yaralanır.
İstintaq nəticəsində, məlum olur ki, terrorun arxasında “Sadval” separatçı təşkilatı dayanıb. İstintaq sübuta yetirir ki, təşkilatın üzvləri Ermənistanın xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, onlardan Bakı metrosunda partlayışlar törətməklə bağlı tapşrıqlar alıb və bunu həyata keçiriblər.
Bu terror aktına görə, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 11 nəfər həbs olundu. Bu hadisə izləri erməni separatçılarına gedib çıxan yeganə terror aktı deyil. Elə həmin ilin iyul ayında daha böyük insan itkisinə səbəb olan növbəti metro partlayışı həyata keçirilir. Nəticəsində 13 nəfər həlak olur, 58 nəfər yaralanır.
Ümumilikdə isə Ermənistanın xüsusi xidmət orqanlarının 1988-ci ildən bu günədək Azərbaycanda törətdiyi terror hadisələrinin sayı 300-ü ötüb. Bunların arasında 1989-cu ilin sentyabrında Tiflis-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun. Eləcə də 1991-ci ilin mayında Moskva-Bakı sərnişin qatarının, həmin ilin noyabrında içərisində görkəmli dövlət xadimlərinin də olduğu “Mi 8” helikopterinin. Eyni zmanda 1992-ci ilin iyununda Bakı Dəmiryol Vağzalında sərnişin qatarının partladılmasını xatırlatmaq kifayətdir.