“Sosial şəbəkələr həyatımıza bu qədər daxil olduqdan sonra dələduzluq da onlayn müstəviyə keçdi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında kiberdələduzların insanları asan yolla aldadaraq, pullarını ələ keçirməsi barədə danışan sosioloq Lalə Mehralı deyib.
Onun sözlərinə görə, insanların mərhəmətindən, inamından və etibarından sui-istifadə edən fırıldaqçıların sayı getdikcə artır.
“Dələduzluq niyyətləri daha çox işə düzəltmək, asan yollarla gəlir əldə etmək, biznes fəaliyyəti, əmlakın birdən çox adama satılması və bir sıra digər adlar altında gizlənir. Sosial şəbəkə fırıldaqçılığı arasında ən çox yayılan növlərdən biri bank kartları ilə bağlıdır. Dələduzlar müxtəlif insanlara bank adından zəng edir və ya mesaj yazır, kartın və hesabdakı məbləğin təhlükədə olduğunu bildirir, habelə sosial şəbəkələrdə yardım kampaniyası üçün paylaşılan kartların təhlükəsizlik kodunu əldə edir və talayır”, – deyə o bildirib.
L.Mehralı qeyd edib ki, bu tələyə əsasən yaşlı nəsil düşür, çünki texnoloji yeniliklərdən, təhlükəsizlik tədbirlərindən, virtual fəaliyyət göstərən dələduzlardan xəbərsiz olurlar.
“Bir çox yaşlı insan bank hesabı ilə birlikdə təhlükəsizlik kodunu, habelə kartın şifrəsini yad adamlara verir. Çünki dələduzlardan qorunmaq üçün yayımlanan maariflənmə çarxını izləmir, “Tiktok” fenomenlərini izləyir, maarifləndirmə yazılarını oxumur, “Tiktok”da canlı açanları izləyir. Nəticəsi də pis olur. Səbəbi acgözlük də ola bilər, sadəlövhlük də. Bəzən insanlar 100 ödəyib, 1000 qazanmaq üçün tora düşür, bəzən də inandıqları, etibar etdikləri üçün. Bu, vəziyyətə görə dəyişir. Əslində, onlar fırıldaqçılıq hallarını bilir, amma öz başına gələcəyi ehtimalına inanmır. Gözü çıxan qardaşını görsə də, dərs almır”, – deyə o vurğulayıb.
İsmayıl Bakuvi
www.yenicag.az