!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Deməzdim ki, Azərbaycan diasporu güclüdür” - Toğrul Allahverdili

!Reklam – Yazi

Bu gün Toğrul Allahverdilinin Azərbaycan Türkiyə Evinin icraçı direktoru seçilməsinin üzərindən bir il ötür. Bu bir ilin hesabatını Toğrul Allahverdilidən tələb etdik.

– Toğrul bəy, bu gün sizin “Azərbaycan Türkiyə Evi”nə (ATEV) icraçı direktor təyin olunmağınızdan bir il ötür. Bu bir il ərzində hansı işləri görmüsünüz?
– Bəli, bu gün mənim ATEV-ə icraçı direktor təyin olunmağımdan bir il ötür. İnanın ki, bu bir ilin necə gəlib keçdiyini heç özüm bilmirdim. Bu gün “Feysbuk” sosial şəbəkəsinin “xatırlatma” funksiyası olmasaydı, heç mənim də yadıma düşməyəcəkdi və bu günü unudacaqdım. Ona görə yox ki, məsuliyyətsizəm. Ona görə unudacaqdım deyirəm ki, bu bir il mənim üçün bir ay kimi keçib. Mən ATEV-də olmaqdan o qədər rahatlıq hiss edirəm ki və başım o qədər təşkilatın işlərinə qarışıb ki, vaxtın necə keçdiyini önəmsəmirəm. Yəni, elə düşünmüşəm ki, mən ATEV-də işdə deyil, elə ailəmin yanında olmuşam. Sizin vasitənizlə məni bu şərəfli vəzifəyə layiq görən hər birimizin anası, dəyərli ziyalımız Tənzilə Rüstəmxanlıya təşəkkür edirəm. Çünki, o, bir il bundan öncə mənə məsuliyyətli bir vəzifənin səlahiyyətlərini təqdim etdi. ATEV ziyalıların yerləşdiyi bir məkandır. Və mənim də bu təşkilatda ziyalıların arasında olmağım məndə məsuliyyət hissi yaradır. Doğrudan da, Tənzilə xanımla işləmək şərəfli olduğu qədər də məsuliyyət tələb edir. Çünki, Tənzilə xanım yüzlərlə gəncin ana deyə sığındığı bir ziyalı xanımdır. Ona görə də, Tənzilə xanıma iradların gəlməməsi üçün çiyinlərimdə böyük bir məsuliyyət daşıyıram. Eyni zamanda, Tənzilə xanım hər zaman ana kimi ərklə mənə öz məsləhətlərini verib, iradlarını bildirib. Bununla yanaşı, mən ATEV-də təyinatıma görə, “Yeni Çağ Media Group”un rəhbəri Aqil Ələsgərə təşəkkür edirəm. Çünki, mənim bu işə dəvət olunmağım üçün Tənzilə xanımın ilk məsləhətləşdiyi şəxslərdən biri məhz A.Ələsgər olub. İnanıram ki, bizim hələ qarşıda görəcəyimiz çoxlu işlər var.

– Toğrul bəy, gələcəkdə görəcəyiniz işlər haqqında anons verdiniz, ümumiyyətlə, ATEV-in fəaliyyəti nədən ibarətdir?
– ATEV-in fəaliyyəti sırf Azərbaycan və Türkiyə arasında onsuz da mövcud olan qardaşlıq və dostluq münasibətlərinin inkişaf istiqamətindən ibarətdir. Ulu Öndərin dediyi kimi “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimidir” prinsipləri ilə çalışmaqdan ibarətdir. Türkiyənin önəmli günlərini biz Azərbaycanda, Azərbaycanın da önəmli günlərini Türkiyədə qeyd edirik. Bəzən deyirlər ki, Türkiyədə Azərbaycan diasporuna ehtiyyac yoxdur, Türkiyə onsuz da özümüzündür. Bununla razıyam, Türkiyə özümüzündür, amma elə ən böyük lobbiçilk fəaliyyətinin Türkiyədə göstərilməli olduğunu zəruri hesab edirəm. Ona görə də, ATEV-in Türkiyədə gördüyü işlər deyərdim ki, əvəzolunmazdır. Qarşıdan gələn zamanlarda da yeni layihələrlə çalışacağıq. Düşünürəm ki, ATEV olaraq bizim əsas məqsədimiz iki dövlət arasında onsuz da mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xidmət etmək, bu əlaqələrə xələl gətirə biləcək qüvvələrin qarşısında maneə olmaqdan ibarətdir.

– Siz həm də diaspora fəaliyyəti ilə məşğulsunuz. Eyni zamanda, jurnalist fəaliyyətinizi də davam etdirirsiniz. “İnterpress.az” və “diaspor.az” saytlarının baş redaktorusunuz. Sizə çətin deyilmi bu qədər işin öhdəsindən gəlmək?
– Mən uzun illər Rusiyada yaşamışam. Diaspora fəaliyyəti ilə məşğul olmuşam. Düşünürəm ki, hər bir azərbaycanlı gənc diaspora sahəsində özünü sınamalıdır. Çünki, bu iş hər birimizin işi olmalıdır. Artıq 8 ildir ki, diasporadayam. İstər Diasporla İş üzrə Dövlət Komitəsi ilə, istərsə də xaricdəki diaspor təşkilatları ilə sıx əməkdaşlıq edirəm. Təbii ki, insan üçün həvəslə yanaşdığı və can qoyduğu heç bir iş onu yükləməz və ona ağırlıq gətirməz. Mən də bu işləri dövlətimizin bir əsgəri olaraq etdiyimə görə, yorulmuram. Heç vaxt da yorulmayacam.

– Siz tez-tez xarici ölkələrə səfərə gedirsiniz. Xaricdəki Azərbaycan diasporlarının durumu haqqında nə deyə bilərsiniz?
– Biz tez-tez səfərlərdə oluruq. Xaricdə yaşayan soydaşlarımız haqqında da maraqlanırıq. Əlimizdən gələn istənilən yardımı da əsirgəmirik. Misal olaraq, istər Avropa-Azərbaycan Konqresinin Brüsseldə təşkil etdiyi tədbirlər olsun, istərsə də Amsterdamda həyata keçirilən tədbirlər olsun. Bunların hamısında dövlətimiz naminə böyük işlər görülüb. Amma mən bu gün deməzdim ki, Azərbaycan diasporası güclüdür. Çünki, biz artıq lobbiçilik fəaliyyəti ilə məşğul olmalıyıq. Ona görə də, ulu öndərin miras qoyduğu Azərbaycançılıq ideologiyasının təbliği qaçılmazdır.

– Bildiyiniz kimi, bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidir. Yubileylə bağlı ATEV olaraq tədbirlər keçirməyi düşünürsünüzmü?
– Mən bu barədə ilk olaraq sizə açıqlamaq istəyirəm. Bizim ATEV olaraq bu il həyata keçirəcəyimiz tədbirlərin sayı çoxdur. Yubileylə bağlı Azərbaycanda böyük konsert proqramlarını keçirməyi planlaşdırmışıq. Konfranslarımız olacaq. Türkiyədə və Rusiyada tədbirlərimiz olacaq. Çünki, Məhəmməd Əmin Rəsulzadənin yaratdığı AXC-nin ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən qorunub saxlanmasında göstərdiyi xidmətlərdən biz də yararlanıb tədbirlərimizi keçirməliyik. Bilirsiniz ki, Cənab Prezident AXC-nin 100 illiyi ilə bağlı sərəncam da imzaladı. Ümummilli liderimiz də hər zaman sağlığında Cümhuriyyətin qurucularının xatirəsini əziz tutub. Biz də ictimai təşkilat olaraq tədbirlərimizi həyata keçirməyi düşünürük. Elə yaxın günlərdən biz ilk olaraq Türkiyədə tədbirlərimizin həyata keçirilməsinə başlayacağıq. Türkiyənin 7-dən çox şəhərində tədbirlərimizin baş tutacağı gözlənilir.

– Toğrul bəy, qeyd etdiniz ki, 8 ildir diaspora faliyyəti ilə məşğulsunuz. Gənc yaşda qazandığınız bu nailiyyətlərə və uğurlara görə kimə borclusunuz?
– Sözün düzü, mən bu suala cavab verməyi heç sevməmişəm. Amma sizin bu sualınızı cavablandıracam. Düşünmürəm ki, nəyəsə nail olmuşam. Düşünürəm ki, mənim yerimdə hər hansı bir azərbaycanlı olsaydı, o da mənim Azərbaycan üçün, dövlətimiz üçün etdiklərimizi edərdi. Amma hər halda hansısa uğuru qazanmışamsa, bunda ilk olaraq özümə borcluyam. Mən Toğrul Allahverdiliyə borcluyam. Mənim anamın bir sözü var, hər zaman deyir ki, ən böyük hiyləgərlik düzlükdür. Ona görə də, insan düzgün olarsa, hər şey yolunda gedcəcək. Hədəfə də çatacaqsan. Amma insanın daxilində xainlik olarsa, bu, nə vaxtsa biruzə verəcək. Ətrafımda qazandığım dostlarımın səbəbi də yenə mənim özüməm.

– Toğrul bəy, hazırda siz ATEV-in icraçı direktorusunuz. Bəs, gələcəkdə özünüzü hansısa başqa vəzifədə görürsünüzmü?
– Səmimi deyirəm ki, mənim heç bir ambisiyam yoxdur. Dövlətimizdən, rəhbərimizdən heç bir təmənnam yoxdur. Çünki, mənim bu gün tutduğum post mənim görə biləcəyim işlər üçün çox yetərlidir. Amma sizin sualınıza gəlincə isə, demək istəyirəm ki, mən Azərbaycanın, dövlətimizin bir əsgəriyəm. Mənim 29 yaşım var və mən özümü hələ gənc əsgər hesab edirəm. Hələ mənim gələcəyim qarşıdadır. Ölkəmizin rəhbərliyi, dövlətin böyükləri, şəxsən Cənab Prezident və ya dövlətimizdə təmsil olunan digər şəxslər mənim üzərimə hansı vəzifəni qoyarlarsa, mən bir əsgər kimi sadəcə olaraq, o vəzifəni icra edərəm. Çünki, mən dövlətimizə xidmət edirəm. Xidmətin hansı yerdə olmağı isə əsas deyil. Əsas olan Azərbaycan və azərbaycançılıq ideologiyasına xidmət etməkdir.

– Siz sosial şəbəkədə də aktiv istifadəçilərdənsiniz. Sosial şəbəkə vasitəsiylə daha çox tənqidi statuslar yazırsınız. Əsas tənqid hədəfləriniz kimlərdir?
– İlk öncə, onu deyim ki, son günlər sosial şəbəkələrin bağlanmasını təklif edirlər. Öz də ən maraqlısı odur ki,bu adamlar sosial şəbəkənin bağlanması təklifini elə sosial şəbəkə üzərindən edirlər. Mən ümumiyyətlə, sosial şəbəkəyə ən böyük media kimi baxıram. Ona görə sosial şəbəkələrin bağlanmasının əleyhinəıyəm. Tənqidə gəlincə isə, bəli, tənqid edirəm. Azərbaycan hüquqi dövlətdir. Burda söz və mətbuat azadlığı var. Mən kimisə təhqir etmərəm heç vaxt. Bütün qurumları tənqid edirəm. Hətta ən sıx əməkdaşlıq etdiyim DİDK-nin fəaliyyətini tənqid edirəm. Onlar da mənim xətrimi çox istəyir, mən də onların xətrini çox istəyirəm. Bu, o demək deyil ki, tənqid etdiyim qurum və şəxslərlə düşmənəm. Xeyir. Tənqiddən nəticə çıxarmaq lazımdır. O ölkə yoxdur ki, oradakı Azərbaycan diasporlarını tənqid etməyim. Buna da haqqım var. Çünki, Azərbaycan diasporları haqqında məlumatlı olan 5 nəfərdən biri mənəm.

COP29

www.yenicag.az

2617
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv