Demokratiya uğrunda mübarizə: Maçadonun Nobelə aparan yolu - DOSYE

media-hightechnic-468x90

Maria Korina Maçado hansı xidmətlərinə görə bütün dünyanın diqqət mərkəzində olan ABŞ prezidenti Donald Trampı qabaqlayaraq Norveç Nobel Komitəsi tərəfindən 2025-ci il Nobel Sülh Mükafatı alıb?

media-dd2

Yenicag.az Maria Maçadonun dosyesini təqdim edir:

 

Venesuela siyasətçisi, müxalifət lideri və insan haqları müdafiəçisi Maria Korina Maçado 1967-ci il oktyabrın 7-də Karakasda doğulub. Onun ailəsi tanınmış sənaye və maliyyə elitasına mənsub olub. Maçado Katolik Andres Bello Universitetində (Universidad Católica Andrés Bello) sənaye mühəndisliyi üzrə təhsil alıb. Daha sonra Venesuela Ali İdarəetmə Araşdırmaları İnstitutunda (Instituto de Estudios Superiores de Administración – IESA) maliyyə sahəsində ixtisaslaşıb. Yale Universitetində keçirilən “World Fellows” proqramında iştirakı onun beynəlxalq əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib.

 

Siyasi fəaliyyətinə vətəndaş cəmiyyətindən başlayan Maçado, 2002-ci ildə seçki monitorinqi və demokratik proseslərin şəffaflığını təmin etmək məqsədilə yaradılmış “Sumate” təşkilatının qurucularından biri olub. Bu fəaliyyəti onu qısa müddətdə beynəlxalq aləmdə tanınan simalardan birinə çevirib.

 

2010-cu ildə Milli Assambleyaya deputat seçilib, 2011-ci ildən 2014-cü ilə qədər parlamentdə Venesuela xalqının hüquqlarını müdafiə edən çıxışları ilə yadda qalıb. Lakin hakimiyyətin sərt reaksiyası ilə qarşılaşaraq, 2014-cü ildə deputat mandatı ləğv edilib. O, daha sonra parlament kürsüsündən istifadə edərək BMT-də çıxış etdiyi üçün “xarici nümayəndə” kimi tanınıb və bu əsasla mandatı əlindən alınıb.

media-dd5

2012-ci ildə Maria Korina “Vente Venezuela” adlı siyasi partiyanın əsasını qoyub. Bu partiya liberal, sağ-mərkəzçi dəyərləri müdafiə edir və bazar iqtisadiyyatını, siyasi azadlıqları, şəffaf idarəçiliyi əsas prioritet kimi qəbul edir. Onun siyasi nüfuzu 2023-cü ilin oktyabrında keçirilən müxalifətin daxili ilkin seçkilərində təsdiqləndi. O, seçicilərin təxminən 92 faizinin dəstəyini qazanaraq müxalifətin vahid namizədi seçildi. Lakin bu nəticə Venesuela hakimiyyətini narahat etdi. Qısa müddət sonra ölkənin Ali Audit Palatası Maçadonun 15 il müddətinə vəzifədən kənarlaşdırıldığını elan etdi. Bu qərar beynəlxalq təşkilatlar tərəfindən “siyasi motivli məhdudiyyət” kimi qiymətləndirildi.

 

2024-cü il prezident seçkilərində iştirakına rəsmi qadağa qoyulan Maria, müxalifətin vahid namizədi kimi Edmundo Qonzales Urrutianı dəstəklədi. O, seçki kampaniyasında aktiv iştirak etsə də, təhlükəsizlik orqanlarının təzyiqləri, mitinqlərin dağıdılması və çıxışlarının bloklanması ilə üzləşdi.

 

Prezident seçkilərində rəsmi dairələr Nikolas Maduronun qalib gəldiyini açıqlasa da, müxalifət və müstəqil müşahidəçilər nəticələrin saxtalaşdırıldığını iddia etdi.

 

Maria Korina Maçado bu nəticələri tanımadığını bəyan edib və mübarizəsini davam etdirəcəyini bildirib.

 

O, 2025-ci ilin əvvəlində mitinq zamanı naməlum şəxslər tərəfindən zorla saxlanılıb və beynəlxalq təzyiqlər nəticəsində azad edilib.

media-dd6

Bütün bu hadisələr onun beynəlxalq nüfuzunu artırıb.

 

O, 2024-cü ildə Maqnitski İnsan Hüquqları Mükafatı, Vatslav Havel İnsan Hüquqları Mükafatı, eləcə də Saxarov Mükafatına layiq görülüb.

Nəhayət, bu gün o, Nobel Sülh Mükafatı ilə təltif edilib.

Venesuela parlamentinin keçmiş deputatı, müxalifətçi və ictimai xadim xalqının demokratik hüquqlarının təşviqi istiqamətində göstərdiyi fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Hazırda Maçado seçki hüququndan məhrum edilməsinə baxmayaraq, Venesuelada və beynəlxalq aləmdə müxalifətin əsas lideri olaraq fəaliyyətini davam etdirir. O, ölkəsində demokratiyanın bərpası uğrunda mübarizənin simvoluna çevrilib. Beynəlxalq medianın onu “Venesuelanın dəmir qadını” adlandırması təsadüfi deyil – onun barışmaz mövqeyi, prinsipial duruşu və cəsarətli mübarizəsi regionda və dünyada ilham mənbəyi kimi dəyərləndirilir.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa