DEPUTAT: Azərbaycanın Qəzzaya sülhməramlı qüvvə göndərməsi...
“Azərbaycan artıq regiondankənar proseslərdə iştirak edir. Bu, dövlətimizin gücünün, beynəlxalq nüfuzunun göstəricisidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycanın Qəzzaya sülhməramlı kontingent göndərmə ehtimalını şərh edərkən deyib.
O bildirib ki, Misirdə əldə olunan razılaşmaya əsasən, gələcəkdə Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi planlaşdırılır:
“Öncəlikdə onu qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Yaxın Şərq Sülh Sammiti”ndə iştirakı, dünyanın super gücü olan ABŞ lideri Donald Trampın ölkəmizin başçısı haqqında dediyi fikirlər rəğbətlə qarşılandı, xüsusi diqqət çəkdi. Təbii ki, Qəzzada məsələlərin tənzimlənməsi üçün Azərbaycanın da müəyyən öhdəlikləri ola bilər. Bu baxımdan Azərbaycanın İndoneziya və Pakistanla birlikdə Qəzzaya sülhməramlı qüvvə göndərmə ehtimalı rəsmi Bakıya olan inamın təzahürüdür. Bu, dövlətimizin gücü və nüfuzunun, həmçinin Prezident İlham Əliyevə beynəlxalq arenadakı inamın göstəricisidir”.
Deputat vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə geniş təcrübəsi var:
“Həmçinin onu da vurğulayaq ki, ölkəmizin İsraillə dostluq münasibətləri mövcuddur. Bundan başqa, rəsmi Bakı Fələstin xalqının hüquqlarına dair beynəlxalq platformalardan mövqeyini ifadə edib. Azərbaycan məsələnin beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunmasını dəstəkləyir. Bunlar vacib və zəruridir. Hər bir halda ölkəmizin Qəzzaya sülhməramlı kontingent göndərməsi rəsmi Bakının beynəlxalq arenadakı nüfuzunu daha da artıracaq”.
Xatırladaq ki, “Politico” nəşrinin iddiasına görə, Azərbaycan, İndoneziya və Pakistan Qəzzada sabitliyi təmin etmək üçün sözügedən əraziyə sülhməramlı kontingent göndərə bilər.
Məlik Məlikov