Deputat “Əli və Nino”nun sahibini tənqid etdi: “İnzibati xətanı elə özü pozub” – VİDEO

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında çıxış edən deputat Kamal Cəfərov “Ali və Nino” kitab mağazasından kitab oğurlamaqla gündəmə gələn gəncləri müdafiə edib.

Yenicag.az-ın məlumatına görə, deputat bildirib ki, həmin mağazanın sahibi Nigar Köçərli iki gənci cəmiyyətə oğru kimi təqdim etməyə çalışıb:

“Hüquqi cəhətdən hər hansı oğurluğun dəyəri 100 AZN- dən çox olmadıqda bu cinayət əməli olmur, inzibati xətadır. Buna görə də hakim həmin əməldə xəta olmadığından onlara bəraət verdi. İnzibati Xətalar Məcəlləsinə görə, foto və çəkiliş icraat aparan şəxsin icazəsi olmadan yayımlanmamalıdır. İnzibati xətanı elə Nigar xanım özü pozub. Oğrular, adətən, kitab oğurlamır. Kitab oxuyanlar da oğru olmur”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ötən gün Səbail rayonunda yerləşən kitab mağazalarının birindən oğurluq edilməsi barədə məlumat yayıb.

Bildirilib ki, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.