Deputat lizinq faizlərindən şikayətləndi: "Bizdə kreditdən də bahadır"
“Azərbaycanda bankların lizinq faizi kredit faizindən daha çoxdur”.
Yenicag.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat beynəlxalq təcrübə ilə müqayisələr apararaq rəqəmləri diqqətə çatdırıb: “Avropa İttifaqında biznes kreditləri üzrə orta faiz 3.5 faiz, istehlak kreditləri üzrə 7.0 faiz olsa da, avtomobil lizinqləri üzrə faiz dərəcəsi daha aşağı – 2 faiz ətrafında dəyişir. Qazaxıstanda orta kredit faizi 19 faiz olsa da, avtomobil kreditləri üzrə faiz 14 faizdir”.
Vüqar Bayramov ölkədəki mövcud vəziyyəti kəskin tənqid edib: “Azərbaycanda nağd kreditlər üzrə faizlər orta hesabla 11 faizdən başlasa da, lizinq üçün faktiki illik faiz dərəcəsi 14 faizdən başlayır. Digər tərəfdən ilkin ödəniş tələbi də var. Göründüyü kimi, lizinq şərtləri cəlbedici deyil”.
Deputat həmçinin yeni qanun layihəsindəki bəzi məqamlarla bağlı suallar qaldırıb: “Reyester qeydiyyatı, hesabatlılıq rəqabətə necə təsir edəcək? Bu tələblər lizinq xidmətinin banklarda təmərküzləşməsinə səbəb olacaqmı? Minimum kapital tələbi qanunla konkret meyara bağlanılsın ki, bazara çıxış imkanlarına neqativ təsir göstərməsin. Bir sıra ölkələrdə hüquqi şəxslərlə yanaşı, fiziki şəxslər də maliyyə icarəsi ilə məşğul olurlar. Amma yeni qanun fiziki şəxslərə lizinq fəaliyyəti ilə məşğul olmaq imkanı verməyəcək”.
Sonda Vüqar Bayramov layihədəki bəzi texniki detalların ABŞ təcrübəsindən götürüldüyünü, lakin bunun arayışda qeyd edilmədiyini vurğulayıb./unikal/













