Deputat Qüdrət Həsənquliyevin biznes şəriki, Salyandan olan iş adamı Oqtay Abuzərov bu ilin fevralında məhkəmədə uduzmağına rəğmən, yenidən Demokrat.az saytını və onun rəhbəri Vasif Həsənlini məhkəməyə verib.
İş adamı Demokrat.az saytından 50 min mənəvi, 240 manat isə maddi ziyana görə təzminat ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Məsələyə münasibət bildirən Milli Məclisin Salyandan seçilmiş deputatı Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir qarşıdurmanın ən sivil yolu barışıqdır.
Deputat qeyd edib ki, bu məsələyə elə birinci məhkəmədən son qoyulmalı və tərəflər anlaşmalı idilər:
“Əgər Oqtay Abuzərov bu məsələni başqa motivlə yenidən gündəliyə gətirirsə, həbsi təzminatla əvəz edirsə, mənə elə gəlir ki, bu iş adamı tərəfindən atılmış olan doğru addım deyil. Təbii ki, hər bir qarşıdurmanın ən yaxşı, ən sivil, ən düzgün yolu qarşılıqlı ittihamların ortadan qaldırılması və barışın olmasıdır. Çünki, burada məhkəmə predmeti də o qədər ciddi deyil. Hesab edirəm ki, bu, iş adamının işgüzar fəaliyyətinə kölgə salmır. Fikrimcə, bu cür məsələlərin məhkəmə yolu ilə çəkişməsinə son qoyulmalıdır. Oqtay Abuzərova müraciət edirəm ki, bu məsələdə artıq israrlı olmasın. Qeyd edim ki, Demokrat.az saytı ən çətin məqamlarda dövlətçiliyimizin qorunması ilə bağlı prinsipal mövqeyini ortaya qoyan və cənab Prezidentin apardığı siyasətə dəatək verən mövqeyli oxunaqlı saytdır. Belə saytları biz qorumalıyıq ki, onlar daha ciddi məsələlərdə dövlətin yanında olsunlar. Bu saytı şəxsən izləyirəm. Əgər hər xırda məsələlərlə bağlı kütləvi informasiya vasitələrini məhkəmələrə çəkib, onları təzminatla boğsaq, yoxa çıxartsaq, o zaman orada hansısa iş adamının istəkləri, iddiaları yerinə yetirilmiş olur. Bundan da faktiki olaraq cəmiyyətimiz itirmiş olur. Eyni zamanda Demokrat.az özünü təsdiq edən saytdır, onun öz dəsti xətti var”.
Millət vəkili jurnalistlərə qarşı ayrı-ayrı şəxslər tərəfindən məhkəmə çəkişmələrinin də əleyhinə olduğunu vurğulayıb:
“Düzdür, məndə də belə hallar olub. Seçkilər dövründə mənə çox böyük təpkilər, təzyiqlər var idi. Təhqirlər, böhtanların ardı-arası kəsilmirdi. Biz o zaman saytın rəhbərliyi ilə dostlarımız vasitəsilə qarşılaşdıq və onunla anlaşdıq. O da səhv etdiyini anladı. Yəni, bununla da bitdi məsələ və o da səhvini boynuna aldı. Hər məsələyə görə, Demokrat.az kimi saytların üzərinə bu cür məhkəmə çəkişmələri ilə getsək, bu əslində işimizə ziyandır.
Eyni zamanda, kütləvi informasiya vasitələrinin içərisində özünə obyektiv və ciddi nüfuz qazanan saytların fəaliyyətinə ziyandır. Onu da nəzərə alaq ki, birinci məhkəmədə iş adamı uduzubsa, bununla da məsələ bitməlidir. Oqtay Abuzərova bir daha müraciət edirəm ki, məsələni bitirmək lazımdır və dərinə getməyə ehtiyac yoxdur”.
Deputat ölkə Prezidentinin hər zaman jurnalistləri öz dostu, köməkçisi adlandırdığını söyləyib:
“Bu gün ölkə Prezidentinin və dövlətimizin kütləvi informasiya vasitələrinə göstərmiş olduğu yüksək qayğı və diqqət olduqca önəmlidir. Bir çox dövlətlər üçün hətta örnəkdir.
Eyni zamanda, kütləvi informasiya vasitələri cəmiyyətdə gedən prosesləri obyektiv şəkildə işıqlandırmağa çalışırlar. Lakin təəssüf edirəm ki, bir sıra hallarda bəzi məmurlar, iş adamları kütləvi informasiya vasitələrinin obyektiv şəkildə önə çəkdiyini, doğru olaraq qeyd etdiyini qəbul etmir. Bunu daha çox kütləvi informasiya vasitələrinin üzərinə getməklə, onlara ən müxtəlif yollarla təsir göstərməklə, məhkəmələr vasitəsilə təsir etməklə, ört-basdır etməyə çalışırlar. Ancaq məmurlar və iş adamlarının xeyli hissəsi də dərc olunan yazılarda göstərilən o nöqsanları nəzərə alırlar, onların aradan qaldırılması üçün addımlar atırlar. Beləliklə, həmin kütləvi informasiya vasitələri ilə normal əməkdaşlıq edilir və bu da cəmiyyətimiz üçün son dərəcə vacibdir. Hesab edirəm ki, iş adamı Oqtay Abuzərov da bu məsələyə artıq nöqtə qoymalıdır. Çünki çəkişmə heç kimə, heç zaman xeyir gətirməyib. Ona görə də iş adamı düşünməsin ki, bir tərəf udacaq. Kütləvi informasiya vasitələri daha ciddi faktlar da ortaya çıxarda bilər. Həmin iş adamına müraciət edərək, bu məsələyə nöqtə qoymağa, iddialarından geri çəkilməyə səsləyirəm ”.
www.yenicag.az