Deputat və politoloqdan Bodrum sammitinə şərh
İyunun 5-də Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 4-cü zirvə toplantısı keçirildi. Azərbaycanın da qatıldığı toplantıda mühüm qərarlar qəbul edilib. Politoloq Qabil Hüseynli və millət vəkili Fazil Mustafa Bodrum görüşünü şərh edib.
Millət vəkili Fazil Mustafa Bodrum görüşündə Azərbaycanın iqtisadi cəhətdən rolunun əvəzsiz olduğunu deyib. “Türkdilli dövlətlərin bir araya gəlib ən azı ciddi məsələləri müzakirə etməsi həmrəylik baxımından faydalıdır. Amma bu, dünya miqyasında təsiredici nəticələr deyil. Ümid edək ki, gələcəkdə bunların konkret nəticələri də olacaq. Azərbaycan iştirak etdiyi layihələrin hamısında əhəmiyyətini göstərir. Xüsusilə də iqtisadi layihələr Azərbaycansız düşünülə bilməz. Ona görə də bu məsələdə Azərbaycanın rolu əvəzsizdir”.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə isə SSRİ dağılandan sonra yaranan və uğurla fəaliyyət göstərən türkdilli dövlət başçılarının zirvə toplantıları müəyyən pauzadan sonra yenidən fəaliyyətə başlayıb: “Bodrumda keçirilən toplantı tərkibinə, xarici işlər nazirlərinin özünün ayrıca bir qurum kimi formalaşmasına, gündəlikdə çox ciddi aktual məsələlərin qəbul edilməsinə görə fərqlənirdi. Yəni türkdilli xalqların iqtisadi və siyasi inteqrasiyası yolunda mühüm mərhələ başlayır. Düzdür, hələ ki sırf iqtisadi, mədəni xarakterli məsələlər müzakirə edilib. Amma gələcək siyasi inteqrasiya prosesləri üçün bir növ bünövrə qoyuldu. Müzakirə edilən məsələlər arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də genişlənidirilməsinə böyük diqqət göstərilib. Bununla bağlı bir sıra qərarlar qəbul edilib. Ortaq türk dilinin yaradılması haqqında qərar qəbul edilməsi yaxşı addımdır. Bu işi həyata keçirəcək ümumtürk akademiyasının yaradılmasına qərar verilməsi də diqqət çəkir. Türk dövlətlərinin bir-birinə yaxınlaşdıracaq və onlar arasındakı münasibətlərin formalaşmasına xidmət edəcək ortaq türk dilinin, ortaq türk akademiyasının, ortaq türk əlifbasının yaradılması haqqında qərar qəbul edilməsi prinsipial əhəmiyyətə malikdir. Çox diqqət çəkən prosesdə Azərbaycan dövləti də yaxından iştirak edir. İki il bundan əvvəl məhz bu proses Azərbaycanda-Naxçıvanda başlamışdı. Dörd türk dövləti orada toplaşmışdı. İndi isə 5 dövlət və onların xarici işlər nazirləri və dövlət başçıları Bodrumda bir araya gəldi. Bu o deməkdir ki, biz gələcəkdə prosesin daha da davam etdirilməsinin və Özbəkistanın da proseslərə qatılacağının şahidi olacağıq”.
Politoloq Bodrumda keçirilən 4-cü zirvə toplantısına Özbəkistanın qatılmamasını türk dövlətlərinin birliyi yolunda mane kimi səciyyələndirməyin doğru olmadığını da qeyd edib: “Düşünürəm ki, Özbəkistanın türkdilli dövlətlərin toplantısına qatılmamasını maneə kimi dəyərləndirmək olmaz. Əvvəla, Sovet İttifaqı dağılandan sonra Özbəkistan bu proseslərdə aktiv iştirak edirdi. Son dövrlərdə Özbəkistanda baş verən müəyyən hadisələrlə bağlı Türkiyə dövləti günahlandırılır. Bu səbəbdən də Özbəkistan dövləti bir qədər küskündür. Görünür, hələ Özbəkistanın da könlünü almaq, proseslərə qoşmaq üçün əlavə siyasi cəhdlərə ehtiyac var. Şübhə etmirəm ki, Özbəkistan Qərbə doğru xətt götürür və Rusiyadan da xeyli uzaqlaşmış bu türk dövləti bu birliyə tez-tez qatılacaq”.