Deputatların "Qarabağ" - "Kopenhagen" oyunu ilə bağlı PROQNOZLARI

media-hightechnic-468x90

“Kopenhagen” klubu qapalı oynayan klub olduğu üçün ilk hissədə qol buraxsaq qalan dəqiqələrdə çətinliklə üzləşə bilərik”.

Bu gün saat 20:45-də Çempionlar Liqasının əsas mərhələsinin növbəti turunda “Qarabağ” və Danimarkanın “Kopenhagen” klubları üz-üzə gələcək.

Milli Məclisin deputatları oyun haqqında nə düşünür? “Qarabağ” oyundan uğurlu nəticə ilə ayrıla biləcəkmi?

media-screenshot_2

Deputat Zahid Oruc azarkeşlərin dəstəyi ilə “Qarabağ” klubunun oyundan minimal hesabla qalib ayrılma ehtimalının yüksək olduğunu qeyd edib:

“Qarabağ futbol klubu 10 illər ərzində Azərbaycanın milli mübarizəsini yaşıl meydanda aparıb. Gəlin razılaşaq ki, həqiqətən savaş yalnız hərbi səngərdə, döyüş məkanlarında getmir, daha çox informasiya cəbhəsində aparılır, diplomatik, siyasi, psixoloji məkanda aparılır. O cümlədən, təəssüflər olsun ki, olimpiadalarda idman oyunlarının konstitusiyasının ana prinsiplərində siyasiləşdirmə qadağan edilsə də idman siyasətin ayrılmaz parçasına çevrilib. Ona görə də, “Qarabağ”ın uğurları daim millətimizi ucaldıb, düşmənə qarşı mübarizədə gücləndirib. Əldə etdiyimiz uğurlar milli ruhu yüksəldib, səfərbərliyə kökləyib. Məşhur devizlə desək “çalış düşmənini istənilən döyüş meydanında məğlub et” prinsipi sərgiləyib. Çempionlar Liqasında ilk oyunu səfərdə əzmkarlıqla 2:0-dan sonra 2:3-ə tamamlamaq  öz-özlüyündə ayrıca bir parlaq qələbədir. “Kopenhagen” də güclü bir komandadır. Əminəm ki, doğma divarlar, hər zaman 12-ci oyunçuya çevrilən yüksək azarkeş dəstəyi, ekranlar qarşısındakı milyonlarla insanın sevgisi və ən başlıcası Qurban Qurbanovun peşəkarlığı, soyuqqanlılığı, onun dəsti-xətt üslubu imkan verəcək ki, axşamkı oyunu da uğurla keçirə bilək və çox inanırıq ki, bu qələbə əldə olunacaq. Hər bir halda 2:1 hesabı ilə bizim xeyrimizə başa çatacağını düşünürəm. Yenə də, əminəm ki, bütün bu proqnozlar ən başlıcası futbolçular tərəfindən gerçəkləşəcək və real nəticə olacaq”.

media-screenshot_3

Deputat Naqif Həmzəyev də “Qarabağ”dan minimal hesablı qələbə gözləyir:

“Bu gün “Qarabağ” və “Kopenhagen” arasında növbəti turun oyunu keçiriləcək. Hər kəs səbirsizliklə bu oyunu gözləyir. Onu qeyd edim ki, dünən “Qalatasaray”ın “Liverpul” üzərindəki 1:0 qələbəsi hər kəsi sevindirdi və biz inanırıq ki, bu gün “Qarabağ” da bizim sevincimizə sevinc qatacaq. “Kopenhagen” komandamızın digər rəqibləri ilə müqayisədə o qədər də təhlükəli və güclü rəqib kimi görünməsə də düşünürəm ki, bu əsla belə deyil. “Kopenhagen” klubu çox qapalı oyun oynayan və rəqibi çətin vəziyyətə salan bir klubdur. Ona görə də onların oyunu həmişə təhlükəli olur. Əgər “Qarabağ” ilk hissədə qol vura bilsə qalib gəlmə ehtimalı daha çox olacaq. Amma “Kopenhagen” ilk qolu vurarsa mütləq qapanacaq və bizə çətinlik yaradacaq. İstənilən halda oyunun “Qarabağ”ın qələbəsi ilə yekunlaşacağına inanıram. Hesab 1:0 və ya 2:1 “Qarabağ”ın xeyrinə olacaq”.

media-screenshot_1

Deputat Arzuxan Əlizadə isə “Qarabağ”ın uğurlarının başlıca səbəbini klubun arxasında güclü rəhbərliyin və güclü baş məşqçinin durduğunu qeyd edərək ilk ev oyunu qələbəsini qazanacağını düşünür:

“Bu gün “Qarabağ” klubumuz bu dəfə doğma azarkeşlər qarşısında ikinci oyununa çıxacaq. İlk turda səfərdə çox möhtəşəm qələbə əldə edilib və bütün Azərbaycan, bütün “Qarabağ” sevərlər ikinci qələbəni gözləyirlər və inanıram ki, bu gün ikinci qələbənin də sevincini yaşayacağıq. Ümumiyyətlə “Qarabağ” klubu hər birimizə bu illər ərzində çox böyük sevinc bəxş edib. Xüsusilə də torpaqlarımız işğal altında olan dövrdə Azərbaycanı “Qarabağ” adı ilə dünyaya tanıdan və Qarabağın Azərbaycan ərazisi olmasını hər kəsin diqqətinə çatdıran klubumuzdur. Bu illər ərzində bütün Azərbaycan xalqının oyunları və əzmkarlığı ilə sevimlisinə çevrilə biliblər. Mövcud reallıqlar çərçivəsində bunu etmək olduqca çətindir, bunu qəbul etmək lazımdır. Çünki, Azərbaycanda təəssüf ki, futbolun vəziyyəti qənaətbəxş deyil desəm yüngül olar, çox acınacaqlı durumdadır. Bütün bunların fonunda “Qarabağ”a rəhbərlik edən Tahir Gözəl və klubun baş məşqçisi Qurban Qurbanovun peşəkarcasına yanaşması və əzmkarlığı komandaya bütün potensial imkanlarından istifadə etməklə əlavə güc qatmaqları və oyunçularımızın əzmkarlığı imkan verir ki, bu illər ərzində biz “Qarabağ” adına sevinək. Torpaqlarımız işğaldan azad edildikdən sonra da bu ikiqat sevincə çevrilib. Bütün futbol sevənlərin komandası kimi “Qarabağ” artıq gündəmdədir. Eləcə də həm türkdilli ölkələrdə ilk turda qazandığımız qələbənin hansı səviyyədə qeyd edildiyinin də şahidi olduq. Artıq “Qarabağ” təkcə Azərbaycanın deyil, həm də, türk dünyasının ən uğurlu komandasıdır. Bu baxımdan “Qarabağ” klubunun bütün oyunçularına, komanda rəhbərliyinə və baş məşqçisinə uğurlar arzu edirəm. Bu gecə növbəti sevinc yaşatmalarını bütün Azərbaycana arzu edirəm. Ümid edirəm ki, komandamız növbəti uğura imza atmış olacaq. Qrup oyunlarında qələbə qazanmaqla ilkə imza atıldı və ikinci bir ilk bu gün evdə qələbə qazanmaqla yaşana bilər və bu günün sonunda ümumi 6 xal qazanmaqla “Qarabağ” növbəti uğura addımlayacaq”.

media-screenshot_4

Deputat Tahir Rzayev azarkeşləri stadionda dəstəkləməyə çağırıb və bugün qələbə qazanacağımıza əmindir:

“Qarabağ” klubunun ilk qələbəsi əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Düşünürəm ki, bugünkü oyunun nəticəsi də bizi sevindirəcək. Çünki, digər klublara nisbətən “Kopenhagen” klubu müəyyən problemlər yaşayır və düşünürəm ki, digər rəqiblərimizdən zəifdir. Amma idmanda arxayınlaşmaq olmaz. İdman qətiyyət, cəsarət, əzm tələb edir və düşünürəm ki, Qurban Qurbanov bütün gedişləri dəqiq araşdırıb istedadlı məşqçi kimi bu oyunda da öz komandasının qələbəsini təmin etməyə qadirdir. “Qarabağ” klubuna uğurlar arzu edirəm və hər bir azərbaycanlı öz doğma komandası ilə fəxr edir. Çünki, “Qarabağ”ın qələbəsi Azərbaycanın bir daha beynəlxalq idman aləmində tanınması, söz sahibi olması deməkdir. İdman azarkeşlərini də bu oyun münasibəti ilə təbrik edir, onlara doğma komandamızı stadionda yüksək səviyyədə alqışladığı və oyunçularımızı ruhlandırdıqları üçün təşəkkür edirəm və onları bu gün də stadionda komandamızı dəstəkləməyə çağırıram. “Qarabağ” klubuna bugünkü oyunda uğurlar arzu edirəm”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa