Reklam

Reklam

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın diplomatik fəaliyyət müddəti başa çatır.

Yenicag.az xəbər verir ki, Azərbaycanda 2014-cü ilin dekabrında fəaliyyətə başlayan Robert Sekuta martın sonunda ölkəsinə dönəcək.

Azərbaycanda 3 ildən bir qədər artıq müddətdə ölkəsinin diplomatik nümayəndəliyinə rəhbərlik etmiş Sekuta ABŞ-ın Bakıya göndərdiyi ən “dişsiz” səfirlərdən biri kimi dəyərləndirilir.

Fəaliyyəti dövründə siyasi proseslərə heç bir reaksiya verməyən Sekuta ABŞ-Azərbaycan münasibətlərinin gərginləşdiyi dönəmlərdə də hər hansı təşəbbüsü ilə yadda qalmadı.

Bununla belə, Sekuta dəvət olunduğu mədəni tədbirlərin “bəzəyinə” çevrilmişdi. Bütün bayramlarda həvəslə iştirak edən ABŞ səfiri milli kulinariyaya marağı üzündən “fəxri dequstator” adını layiqincə haqq etmişdi. Xatırladaq ki, qarşıdan gələn Novruz bayramı amerikalı diplomatın Azərbaycanda qatılacağı sonuncu şənlik olacaq.

Maraqlıdır, görəsən yerli politoloqlar dünyanın yeganə superdövləti statusunu özündə saxlayan ABŞ-ın son 3 ildə Azərbaycanda nümayəndəsi olan Sekutanın fəaliyyəti haqqında nə fikirləşirlər?

Robert Sekutanın səfir kimi fəaliyyətini Yenicag.az-a dəyərləndirən politoloq Elxan Şahinoğlu amerikalı diplomatın heç nə ilə yadda qalmadığı qənaətindədir:

Elxan Şahinoğlu

“Açıq deyək ki, Sekutanın səfir postuna təyinatı və onun öz vəzifəsinin icrasına başlaması xeyli yubandı. Lakin bu prosedurlar öz həllini tapdıqdan sonra Sekuta 2014-cü ildə nəhayət, işinin başına keçə bildi.

Ancaq təəssüf ki, Sekutanın diplomatik fəaliyyəti barəsində geniş danışmaq mümkün deyil. Onun xüsusilə, demokratiya məsələlərində səssiz qalması, həmçinin, ikitərəfli münasibətlərin inkişafı üçün ciddi addımlar atmaması hər zaman tənqid olunub.

O baxımdan, Sekutanın fəaliyyət dövrünün effektiv olmadığını deyə bilərik. Xatırladım ki, vaxtilə ABŞ-ı Azərbaycanda təmsil edən Rino Harniş və Riçard Armitac öz fəallıqları ilə seçilir, bütün ciddi məsələlərə münasibət bildirirdilər. Bu da zaman-zaman rəsmi Bakının kəskin narazılığına səbəb olurdu.

Ancaq Sekuta haqqında bunları demək mümkün deyil. O, bütün qeyri-siyasi tədbirlərdə iştirak etsə də, aktual məsələlərdə sükuta üstünlük verirdi. Bu üzdən, necə fəaliyyət göstəribsə, elə də xatırlanacaq.

Sekutanın xələfinin kim olacağı maraqlı görünsə də, hələ məlum deyil. Ümumiyyətlə, ABŞ-da səfir təyinatları çox mürəkkəb prosedurlardan keçir. Xatırlayırsızsa, Metyu Brayza və Riçard Armitacla bağlı prosedurlar çox uzandığından, onlar rəsmi təyinat olmadan fəaliyyətə başlamışdılar.

ABŞ-ın Cənubi Qafqazın əsas dövləti olan Azərbaycana səfir təyinatını yubatması, diplomatlar arasında seçim edərkən, bir sıra mühüm nüansları nəzərə almaması əlbəttə ki, Vaşinqtonun ziyanınadır. Belə bir vəziyyətdə Rusiya diplomatiyası fəallaşır və ABŞ-ın vəziyyəti düzəltmək imkanları çətinləşir”.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə də Yenicag.az-a açıqlamasında Robert Sekutanın fəaliyyətdən çox, fəaliyyətsizliklə yadda qaldığını deyib:

“Sekutanın elə bir fəaliyyətini görmədik ki, onun haqqında nə isə deyə bilək. Adam gəldi, yaşadı, yedi, gəzdi… Başqa neylədi ki? Bu qədər siyasi proseslər oldu, ancaq Sekutanın cınqırı belə çıxmadı.

Mən başa düşürəm, səfirlər öz dövlətlərinin xüsusi təlimatları əsasında işləyirlər. Ancaq ortada Norveçin səfiri Steynar Gil nümunəsi var. O da ölkəsindən əmrlər alırdı, ancaq demokratiya və insan haqları məsələsində həmişə öz mövqeyini bildirirdi.

Norveçin Gildən sonra gələn səfiri də baş verənlərə biganə qalmırdı. Ancaq indiki səfir onlardan fərqlənir, heç nəyə qarışmır, oturub yerində…

Bilirsiz, təlimat-filan, öz yerində, ancaq diplomatın ürəyi, adamlığı olmalıdır. Sekutada bu keyfiyyətləri görmədik”.

A. Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1389
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."